Siyavuş Novruzov: "Azərbaycan bir sabitlik adasıdır" AÇIQLAMA

Siyavuş Novruzov: "Azərbaycan bir sabitlik adasıdır" AÇIQLAMA

"Bir neçə gün öncə Prezident İlham Əliyevin doqquz ayın yekunları ilə bağlı geniş və əhatəli şəkildə çıxışı 2016-cı ilin dövlət büdcə layihəsinin birbaşa səsə qoyularaq qəbul olunmasına kifayət edir". SİA-nın məlumatına görə, bu sözləri Milli məclisin plenar iclasında, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O, ölkə başçısının çıxışında həm dünyada, həm ölkədə gedən hadisələri, həm beynəlxalq, həm də ictimai-siyasi vəziyyəti əhatəli şəkildə şərh etdiyini, bu çıxışdan sonra müzakirəyə ehtiyac qalmadığını qeyd edib: "Prezident İlham Əliyev 2016-cı ilin büdcəsinin gələcəkdə necə formalaşması, hansı istiqamətlərə xərclənməsi, iqtisadiyyatımızın hansı sferalarına diqqət yetirilməsi, neftin qiyməti ilə bağlı, xüsusi olaraq ictimaiyyəti maraqlandıran bütün məsələlərə münasibətini bildirdi. Bundan sonra əlavə fikir söyləmək istəmirəm".

Millət vəkili 2016-cı ilin dövlət büdcəsində müdafiə xərclərinin artırıldığını və bunun vacib məsələ olduğunu vurğulayıb: "Təhlükəsizlik və müdafiə məsələsi vacib şərtlərdəndir. Bu sahəyə diqqət biraz da artırılsa, daha məqsədəuyğun olar. Ətrafımızda baş verən hadisələr, təhdidlər, ayrı-ayrı terror qruplarının qarşısının alınması üçün Azərbaycan hüquq-mühafizə orqanları ciddi cəhdlə çalışır və ölkəmizdə Prezidentimizin rəhbərliyi altında böyük bir ictimai-siyasi sabitlik hökm sürür. Azərbaycan bir sabitlik adasıdır. Onun qorunması və daha da möhkəmlənməsi üçün büdcədən bu sahələrə daha çox vəsait ayrılmasına ehtiyac var".

S. Novruzov müzakirələri dayandırmağı və hökumətə layihəni işləyib hazırlamağa vaxt verməyi təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə