Əmlak bazarında vəziyyət STATİSTİKA

Əmlak bazarında vəziyyət STATİSTİKA

"2014-cü ilin payız aylarından etibarən əmlak bazarında qiymətlər düşməyə başladı. 2015-ci ilin fevral ayından isə bu ucuzlaşma pik dövrünə çatdı. Bu gün əmlak bazarında həm manat, həm də dollar timsalında ciddi ucuzlaşma gözə çarpır". Bunu SİA-ya iqtisadçı Rəşad Əliyev açıqlamasında deyib.

O bildirib ki, əmlak bazarında qiymətlər artıq sentyabr ayından düşməyə başlayıb və bunun səbəbi bilavasitə neft sektorunda gedən ucuzlaşma ilə bağlıdır: "Qiymətlərin ucuzlaşması gözlənilən idi. Qiymətlər fevral ayının sonuna qədər yəni devalvasiya anına kimi mülayim şəkildə düşürdü. Devalvasiya baş verdikdən sonra isə qiymətlər manat ifadəsində artdı, dollar ifadəsində isə düşdü. Bir ay ərzində bazarlar yeni şəraitə uyğunlaşmağa başladı. Məhz bundan sonra qiymətlər yenidən düşməyə başladı. Bu özünü həm manat, həm də dollar ifadəsində göstərməyə başladı. Azalma bu günə qədər davam edir".

Rəşad Əliyevin azalmanı faizlə ifadə edərək bildirib ki, hazırda qiymətlər həm dollar, həm də manat timsalında aşağı düşüb: "Azalmanın pik dövrünə qədər qiymətlər dollar ifadəsində 25 faizdən çox aşağı düşdü. İndi isə dollar ifadəsində qiymətlər 35 faizə qədər ucuzlaşıb. Manat ifadəsində isə qiymətlər təxminən 10 faizə qədər aşağı düşüb".

Qeyd edək ki, Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) 2014-cü il üçün verdiyi hesabata görə, Bakı şəhərində 630 küçə və prospekt üzrə 876518 yeni giriş ünvanı, 551 küçə və prospekti üzrə isə 250452 yeni daxili ünvan qeydə alınıb. Sumqayıt şəhərində isə 166 küçə və prospekti üzrə 21620 yeni giriş ünvanı, 55911 yeni daxili ünvan ÜRİS-ə daxil olub.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin statistikasına görə isə 2006-cı ildən 2013-ə qədər dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların 40 faizini mənzillər, 2 faizini isə fərdi yaşayış və bağ evləri təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə