SOCAR-da "Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər" peşəsi üzrə gənclərin peşə hazırlığı və işə qəbulu müsabiqəsi keçirilir. SİA-nın məlumatına görə, rayonlar üzrə keçiriləcək müsabiqədə qaz avadanlıqlarının istismarı və təmiri ilə bağlı çilingər peşəsi üzrə mütəxəssis vətəndaşlar boş (vakant) iş yerlərinə qəbul ediləcəklər.
Bu gün müsabiqənin təfərrüatları haqda əhalini məlumatlandırmaq üçün tədbir keçirilib. Tədbirdə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İdris İsayev və "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev iştirak edib.
Tədbirin açılışını edən Xalik Məmmədov müsabiqənin mahiyyəti haqda məlumat verib. Müsabiqə SOCAR-ın və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi hesab olunur.
Müsabiqənin məqsədi Azərbaycan Respublikasının dövlət məşğulluq siyasətinin gücləndirilməsinə bu sahədə mövcud olan problemlərin həllinə və əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə istiqamətlənib.
Tədbirdə çıxış edən İdris İsayev müsabiqənin gənc vətəndaşlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Və bu müsabiqənin işsizlik probleminə də təsir edə biləcəyini açıqlayıb.
Müsabiqə Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi və SOCAR arasında əməkdaşlıq Memorandum çərçivəsində gənclərin məşğulluğunun təmin olunmasına köməkliyin edilməsi istiqaməti üzrə həyata keçirilir. Boş (vakant) iş yeri barədə məlumatlar SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinə təqdim olunacaq.
Müraciət etmək istəyən şəxslərin sənədləri elektron (www.socar.az veb saytının "karyera" baölməsi vasitəsilə) qaydada və ya rayon məşğulluq mərkəzləri vasitəsilə qəbul ediləcək. Və onların orta təhsil səviyyəsində bilikləri test üsulu ilə yoxlanılacaq. Testdən keçən şəxslər SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin təşkil etdiyi təlim kursundan keçəcəklər. Kursun sonunda təlim iştirakçıları buraxılış imtahanı verəcək. İmtahanda müvəffəqiyyət qazanan şəxslərə sertifikat təqdim olunacaq. Daha yüksək nəticə göstərmiş 1000 nəfər seçiləcək. Və onların 410 nəfəri dərhal mövcud vakansiyalar üzrə iş ilə təmin ediləcək. Qalan 590 nəfər isə 1 il ərzində proqnozlaşdırılan vakant yerlər üçün SOCAR-ın kadr ehtiyatları bazasına daxil ediləcək. Müsabiqədə yaşı 30-dan yuxarı olmayan, minimum tam orta təhsili, fiziki cəhətdən sağlam, ilk növbədə regionlarda daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olanlardan başqa) iştirak edə bilərlər.
Müsabiqə prosesinin bütün mərhələləri barədə məlumatlar iddiaçıların müraciət zamanı təqdim etdikləri poçt ünvanına və ya mesaj vasitəsilə telefon nömrələrinə göndəriləcək. Müraciəti təsdiq edilən iddiaçılara Fərdi İdentifikasiya Nömrəsi və ya şifrə veriləcək. Bununla da onlar müvafiq linkə daxil olmaqla müsabiqənin nəticəsi haqqında məlumat ala biləcəklər. Vətəndaşlar müsabiqə ilə bağlı qərarları SOCAR və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi elektron ünvanlarından əldə edə bilərlər.
Qeyd edək ki, vakant iş yerlər üzrə qəbul ediləcək işçilərə 300-lə 500 manat arası maaş veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB