Miqrant böhranının Avropaya xeyri RƏY

Miqrant böhranının Avropaya xeyri RƏY

"Bir müddətdən sonra miqrantlar Avropa iqtisadiyyatına xeyir gətirməyə başlayacaq". Bu sözləri SİA-ya iqtisadçı ekspert Natiq Cəfərli miqrant probleminin Avropa iqtisadiyyatına olan təsirindən danışarkən deyib.

Onun sözlərinə görə, miqrant problemindən dolayı Avropa ölkələrində müəyyən xərcləmələr artacaq və bu xərcləmələr ilkin mərhələdə qaçqınları yerləşdirməyə sərf olunacaq: "Artıq ilkin yerləşdirmə xərcləri kimi 6 milyard avro dəyərində pul vəsaiti ayrılıb. Təbii ki, ilkin zamanlar Avropa üçün neqativ və narahatedici olacaq. Lakin bir müddətdən sonra bu hal Avropanın xeyrinə dəyişə biləcək".

Natiq Cəfərli bildirib ki, hər şey miqrantların bu ölkələrə adaptasiyasından asılıdır: "Əgər adaptasiya normal keçsə, miqrantlar dil və yerli qanunları öyrənsələr, həmçinin müəyyən yerlərdə çalışmağa başlasalar bir neçə ay, ola bilsin ki, bir neçə il sonra onların da bu ölkələrin iqtisadiyyatına xeyirləri dəyə bilər".

O qeyd edib ki, hazırda Almaniya hökuməti qaçqınlar üçün 700-900 avro arası xərcləmə ayırıb və qaçqınlarda aldıqları vəsaiti yaşadıqları ərazilərdə xərcləyirlər: "Yəni həmin vəsait yenidən iqtisadiyyata, bazara qayıdır. Təbii ki, bu prosesdən kiçik və orta sahibkarlar da qazanır. Onların da gəlirlərinin dövriyyəsi artır".

İqtisadçı vurğulayır ki, miqrantlar bu ölkələrdə daha çox ucuz işçi qüvvəsi kimi fəaliyyət göstərəcək: "Bu işlər yerli vətəndaşların çoxunun çalışmaq istəmədiyi sahələr olacaq. Lakin bir müddət sonra miqrant əməyindən həmin ölkələrin iqtisadiyyatına az da olsa xeyir gəlməyə başlayacaq. Bütün bu proseslər miqrantların adaptasiya məsələsindən və yerli qaydalara uyğunlaşma sürətindən asılı olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə