"2016-cı ilin dövlət büdcəsi real büdcə olacaq" PROQNOZ

"Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetində keçirilən iclasda 2016-cı il üzrə dövlət büdcəsinə nəzər yetirilib və dövlətin iqtisadi vəziyyəti ilə bağlı proqnozlar təqdim olunub. Həmçinin növbəti illər üzrə dövlət büdcəsinin proqnozları təqdim olunub və hesabat əlavə edilib". Bu fikirləri SİA-ya İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov ötəngünkü iclası şərh edərkən deyib.

Onun sözlərinə görə, 2016-cı il üzrə dövlət büdcəsi neftin dünya bazarındakı mövcud qiyməti ilə uyğunlaşdırılacaq: "Belə ki 2016-cı ilin büdcəsində neftin qiyməti 50 dollardan hesablanacaq. Büdcədə sosial- iqtisadi xərclərdə azalmalar müşahidə olunmur. Neft qiymətləri ilə bağlı müəyyən dərəcədə çətinliklər var. Lakin buna baxmayaraq Azərbaycan hökuməti növbəti ildə sosial və iqtisadi xərclərin həcmini sabit saxlaya biləcək. 2016-cı ildə pensiyaların verilməsində heç bir çətinlik və ya yubanma olmayacaq. Azərbaycan növbəti ildə də sosial ayırmaları yerinə yetirə biləcək. Eyni zamanda ünvanlı sosial yardım, ipoteka proqramı və digər real layihələrin vəsaitlərinin həcmində stabillik qorunub saxlanılacaq".

İqtisadçı bildirib ki, 2016-cı il daha çox qeyri-neft sektorunun dövlət büdcəsində payının artması ilə yadda qalacaq: "Artıq son 3 ildə qeyri-neft sektorunun payı dövlət büdcəsinin 25-35 faizini təşkil edir. Bu göstəricinin daha da artacağı gözlənilir. Bu da tam şəkildə büdcə gəlirlərinin neft asılılığından tamamilə xilas olması deməkdir. Bu baxımdan 2016-cı ilin dövlət büdcəsi sosial büdcə olmaqla yanaşı həm də real büdcə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə