Manatın məzənnəsi necə müəyyənləşir? AÇIQLAMA

Manatın məzənnəsi necə müəyyənləşir? AÇIQLAMA
"Bu günlər sosial şəbəkədə ən çox müzakirə edilən məsələ, manatın məzənnəsinin müəyyənləşməsidir. Qeyd edək ki, manatın cari məzənnəsi müəyyənləşdirilən zaman neftin dünya bazarındakı qiyməti nəzərə alınmır". SİA-nın məlumatına görə, bunu iqtisadçı ekspert Vüqar Bayramov söyləyib.

İqtisadçı diqqətə çatdırıb ki, neftin dünya bazarındakı qiymətinin cari kursa hər hansı təsiri yoxdur: "O baxımdan, neftin dünya bazarındakı qiyməti yüksələn zaman manatın kursu düşə bilər və ya əksinə neft ucuzlaşan zaman məzənnə müqayisəli arta bilər. Mərkəzi Bank xüsusi məzənnə tətbiq etməyəcəyi təqdirdə bu davam edəcək. Neftin dünya bazarındakı qiyməti isə birmənalı şəkildə cari deyil, strateji məzənnəyə təsir göstərir. Əvvəllər, Mərkəzi Bank 1 valyutalı səbətdən istifadə edirdi. Məzənnə dollara birbaşa, digər valyutalara çarpaz müəyyənləşdirilirdi. Bu o demək idi ki, manatın dollara məzənnəsi, demək olar, dəyişmirdi və digər valyutaların ABŞ puluna kursu necə olurdusa, milli valyutamız da onlara elə uyğunlaşdırılırdı. Yəni, manatın dollara məzənnəsi dəyişmir, digərləri ilə isə dünya valyuta bazarındakı dəyişikliklərə uyğun tənzimlənirdi. Bu ilin fevral ayından isə 2 valyutalı səbətdən istifadə edilir və artıq avro dollar ilə yanaşı dayanır. Yəni, dünya valyuta bazarında məzənnə dəyişikliyi baş verirsə, artıq manatın dollar kursu sabit qalmır, o da dəyişir. Mərkəzi Bankın valyuta səbətində dolların payı yenə də çoxdur. Bu isə o deməkdir ki, dolların avroya məzənnə dəyişən zaman ABŞ pulu avropalıların puluna nisbətən buna daha az reaksiya verir. Məsələn, avro dollara nisbətən 3 faiz möhkəmlənir. Mərkəzi Bank həmin kurs dəyişikliyini nəzərə alan zaman avronun manata məzənnəsi milli valyutamızın dollara kursuna nisbətən daha çox dəyişir. Yəni, manat avroya nisbətən hiss edilən səviyyədə yumşalsa da, dollara nisbətən cüzi möhkəmlənir. Ya da əksinə, dollara avroya nisbətən 3 faiz dəyişirsə, o zaman manat Avropa puluna nisbətən kəskin möhkəmlənir, amma dollara nisbətən həmin faizlə ucuzlaşmır. Amma dollar/manat/avro nisbəti dolların avronun dünya bazarındakı məzənnəsinə tam uyğun olur. Bu ona gətirib çıxarır ki, avronun manata kursu daha çox, dolların məzənnəsi müqayisəli xeyli az faizlə dəyişir. Mövcud valyuta səbətini qoruduğu müddətcə Mərkəzi Bank xüsusi məzənnə tətbiq etməyəcəyi halda neftin dünya bazar qiymətinə deyil, avro-dollar asılılığına əsasən kursu müəyyənləşdirəcək. Deməli, Mərkəzi Bankı xüsusi kurs müəyyənləşdirməzsə və Avropa pulu ABŞ valyutasını küncə sıxışdıra bildiyi halda manat dollara qarşı möhkəmlənəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə