SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri "mavi yanacaq"la təmin olunur. Bərdə və Kürdəmir rayonlarının qazlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər də bu baxımdan diqqətəlayiqdir. Avqustun 25-də Bərdə rayonunun Mollaməmmədli, Gülgəzli və Sərkarlar, eləcə də Kürdəmir rayonunun Karrar kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bərdə rayonunda keçirilən tədbirdə bildirilib ki, 113 abonenti olan Mollaməmmədli kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 8405 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 113 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 140 abonenti olan Gülgəzli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 4193 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb. 70 abonentlik Sərkarlar kəndində isə uzunluğu 10809 metr olan qaz xətləri çəkilmiş, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Kürdəmir rayonunun 459 abonenti olan Karrar kəndinə təbii qazın verilişinin bərpası məqsədi ilə birpilləli sistem əsasında 38627 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 459 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kənd sakinləri və ictimaiyyət nümayəndələri adı çəkilən yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB