Pullarınızı valyuta səbətində saxlayın! Ekspertdən məsləhət

Pullarınızı valyuta səbətində saxlayın! Ekspertdən məsləhət

"Qazaxıstanın üzən valyuta rejiminə keçidi, Rusiyada rublun ciddi məzənnə itirməsi, qardaş Türkiyədə lirənin "qara günləri" və qonşu Gürcüstanda larinin yavaş-yavaş silkələnməsi Azərbaycanda dollara tələbi artırıb". SİA-nın məlumatına görə, bu sözləri açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, son günlər ölkədə xarici valyutaya, xüsusən də dollara olan tələb artmaqdadır. Bunun səbəbi isə, vətəndaşlarda yenidən devalvasiya edəcəyi qorxusudur. Mərkəzi Banka banklardakı manat əmanətləri indeksasiyasını həyata keçirmək təklif olunur. Lakin hələ də bu pul siyasətinin həyata keçirilməməsi vətəndaşların xarici valyutaya axınına səbəb olur: "Bu gün apardığımız monitorinqlər göstərir ki, son 2 gündə xarici valyutalara tələb yüksəlməkdədir. Mərkəzi Bankı dolların manata rəsmi məzənnəsini son 3 gündə aşağı salmasına baxmayaraq, valyuta dəyişmə məntəqələrində dollar məhdudlaşdırılmış ən yüksək kurs ilə təklif edilir. Belə ki, avqustun 19-da manatın dollara məzənnəsi 1.049 olsa da sonrakı 2 gündə uyğun olaraq 1.0486 və 1.0479 olub. Bu isə o deməkdir ki, avronun dünya bazarında möhkəmlənməsinə uyğun olaraq rəsmi kursda manat da dolları sıxışdırıb. Amma qonşu ölkələrdə milli valyutaların vəziyyəti rəsmi məzənnənin real valyuta dəyişmə məntəqələrində hiss edilməsinə imkan vermir. Manatın yenidən dəyər itirə biləcəyindən ehtiyatlanan vətəndaşlarımızın bir qismi yenidən xaricə valyutayaya üz tuturlar. Əslində, Mərkəzi Bank dollara tələbi azaltmaq üçün banklardakı manat əmanətləri indeksasiyasını həyata keçirməlidir. Hələ bu ilin fevralın 9-unda Mərkəzi Banka əmanətlərin indeksasiyasını təklif etmişdim. Amma indeksasiya sisteminin tətbiq edilməməsi ötən müddətdə dollara tələbi artırmaqla manat əmanətlərin mərhələli həcminin azalmasına səbəb oldu".

Ekspert onu da qeyd etdi ki, Mərkəzi Bank dollara olan tələbi qısa müddətdə azaltmalıdır. Vətəndaşlar isə pullarını valyuta səbətində saxlamalıdır: "Buna görə də, Mərkəzi Bank mövcud resurslardan və vasitələrdən istifadə etməklə dollara tələbi azaltmağa çalışmalıdır. Çünki, dollara yüksələn tələb Mərkəzi Bankın intervensiya xərclərini artırmaqla xarici valyuta rezervlərinin həcminə də təsir göstərə bilər. Bu isə, Mərkəzi Bankın valyuta bazarında tələbi qarşılama imkanlarının xeyli azaltmış olar. Hər zaman təklif etdiyim kimi, vətəndaşlarımız öz pullarını valyuta səbəti formasında saxlamaqla bütün potensial risklərdən sığortalanmış ola bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə