Məlum olduğu kimi, Gürcüstan səyahətçilər üçün, o cümlədən avtomobildə səyahətə çıxanlar üçün cəlbedici ölkədir. SOCAR şirkəti tərəfindən buraxılan "İnternational card" adlı xüsusi beynəlxalq yanacaq kartı Ukrayna sakinlərinin özlərinə məxsus və ya kirayə götürülmüş avtomobillərdə Gürcüstan ərazisində daha rahat hərəkət etmələrinə, valyuta mübadiləsi məntəqələri və keyfiyyətli yanacaq axtarmaq üçün vaxt itkisini aradan qaldırmağa imkan verir. Bu barədə SİA-ya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib.
"İnternational card" sahibləri yanacaq haqqını öz ölkəsində, məsələn Ukraynada milli valyuta ilə nağdsız qaydada ödəyərək, sonra Gürcüstanda heç bir tranzaksiya əməliyyatı aparılmadan yanacaq ala bilərlər. Gürcüstandan Ukraynaya turist kimi, ezamiyyətə və başqa məqsədlə gedən şəxslər üçün də bu kartlarla işləmək prinsipi eynidir.
"İnternational card" beynəlxalq yanacaq kartının üstünlükləri: valyuta dəyişməyə xərclər, habelə Ukraynada və Gürcüstanda yanacağın qiymətindəki fərqlər aradan qalxdığı üçün pula qənaət; başqa ölkədə yanacaqdoldurma stansiyalarının xidmətindən istifadə edərkən dil baryerinin aradan qalxması; karta yüklənmiş pulun hərəkətinin şəffaflığı.
SOCAR-ın beynəlxalq yanacaq kartları Ukraynada və Gürcüstanda SOCAR-ın brendi ilə işləyən bütün yanacaqdoldurma komplekslərində qəbul edilir. Xatırladaq ki, hazırda Ukraynada bu cür komplekslərin sayı 53, Gürcüstanda 112-dir.
"İnternational card" vasitəsilə avtomobilə neft məhsullarının bütün növlərini – benzin, dizel yanacağı və maye qaz doldurmaq olar. Bu kartlar həm turistlərin, həm də hüquqi şəxslərin neft məhsulları almasını təmin edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB