“Azneft”dən mühim işlər FOTOLAR

“Azneft”dən mühim işlər FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ətraf mühitin və ekoloji tarazlığın qorunması ilə bağlı həyata keçirilən genişmiqyaslı dövlət proqramları çərçivəsində SOCAR tərəfindən təxirəsalınmaz işlər görülür. "Azneft" İstehsalat Birliyində də cari ilin ilk 7 ayında bu sahədə mühüm nailiyyətlər qazanılıb. SOCAR-dan SİA-ya verilən xəbərə görə, Birliyin hasilat sahələrində formalaşan tullantıların emalının təşkili, ərazilərin təmizlənməsi, infrastruktur layihələrinin həyata keçirilməsi üçün əlverişli ekoloji şəraitin yaradılması, yaşıllıq zolaqlarının salınması işləri uğurla davam etdirilib. Belə ki, lay sularının qapalı sistemdə idarə olunması məqsədilə Neft və Qazçıxarma İdarələrində neftlə birlikdə hasil olunan 3268 min kubmetr lay suyundan 2799,4 min kubmetri utilizasiya edilmiş, qalan hissəsi isə texniki məqsədlər üçün (quyuların əsaslı və cari təmirində) istifadə olunub. Bununla yanaşı, quyularda aparılan təmir işləri zamanı ətraf mühitin qorunması məqsədilə 7 qapalı yuma qurğusu hazırlanıb istifadəyə verilib. Hazırda dənizdəki NQÇİ-lərdə belə qurğuların sayı 35-ə çatdırılıb. ''Neft Daşları''nda lay sularının qapalı sistemdə utilizasiyası məqsədilə NQÇİ-nin 2A saylı İriləşdirilmiş Neftyığma Məntəqəsində quraşdırılacaq müvafiq avadanlığın layihəsi verilib, dizaynı tərtib olunub, avadanlıq sifariş edilib. Hazırda onun tikinti-quraşdırma işləri davam etdirilir. H.Z.Tağıyev adına NQÇİ-nin "Zirə" sahəsində formalaşan lay suları ilin əvvəlindən uducu quyularda utilizasiya olunur. "Qala" sahəsində isə lay sularının tam utilizasiyası üçün seçilmiş quyulara xətlər çəkilmişdir. Bu ilin sonuna kimi həmin sahədə lay sularının qapalı sistemdə utilizasiyası təmin olunacaq. Neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində 8,6 hektar sahədə mexaniki rekultivasiya və abadlıq işləri aparılıb, yeni yaşıllaşdırma sahələrində ümumilikdə 15701 ədəd müxtəlif növ ağac və gül kolları əkilib. 2015-ci ilin yanvar-iyul aylarında Birliyin istehsalat sahələrində formalaşmış 1385,2 ton müxtəlif növ tullantı aidiyyəti qurumlara təhvil verilib. Ətraf mühitə atılan bərk məişət tullantılarının qarşısının alınması məqsədilə Çilov adasında və ''Neft Daşları'' NQÇİ-də quraşdırılıb A 2600 HF tipli sobada 86,5 ton bərk məişət və mətbəx tullantıları yandırılaraq zərərsizləşdirilib. Dənizdə çalışan neftçilərin su təminatının yaxşılaşdırılması məqsədi ilə ''28 May'', ''Neft Daşları'' və ''Abşeronneft'' NQÇİ-lərdə quraşdırılıb "ƏKS OSMOS" qurğuları vasitəsilə 171,1 min kubmetr həcmində dəniz suyu şirinləşdirilib. Cari ildə Birliyin idarə və müəssisələrində 132 ekoloji monitorinq keçirilib, aşkarlanan ekoloji pozuntular dərhal aradan qaldırılıb, ətraf mühitin mühafizəsinə dair təbliğat və maarifləndirmə işləri aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə