Cənub bölgəsində 100 kəndli ailəsinə 1000 arı ailəsi verilib

Cənub bölgəsində 100 kəndli ailəsinə 1000 arı ailəsi verilib

Azərbaycanda Arıçılığın İnkişaf Etdirilməsi Layihəsi çərçivəsində cənub bölgəsində gənc arıçılara arı ailələri və avadanlıqlar paylanılıb. SİA-nın Cənub bürosunun məlumatına görə, məqsəd Azərbaycana məxsus qafqaz arı növünü yenidən ölkəmizin adına qaytarmaq və bu arı ailələrindən alınan balı brend marka olaraq dünyada tanıtmaqdır.

Layihə Azərbyacan Arıçılar İttifaqı və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyiyinin birgə təşilatçılığı ilə həyata keçirilib. Arıçı Arif Nəzirova məxsus arıçılıq təsərrüfatında keçirilən tədbirdə Lənkəran, Astara, Yardımlı, Lerik, Masallı və Cəlilabaddan olan 27 arıçı iştirak edib. Öncə gənc arıçılara, arı ailələrinin saxlanılması və onları xəstəliklərdən qorunmağın yolları barədə təlimatlar verilib. Bildirilib ki, arı ailələrini əldə edən hər bir arıçı işinə məsuliyyətli yanaşmalı və il ərzində onların saxlanılmasına ciddi nəzarət olunacaq. Daha sonra hər bir arıçıya 10 arı ailəsi olmaqla, arı pətəkləri, alət və ləvazimatlar təqdim olunub.

Azərbyacan Arıçılar ittifaqının Sədri Şamil Quliyev: Nəzərə almışıq ki, bu işə imkansız adamları, müharibə veteranlarını, şəhid ailələrini cəlb edək. Onlara 3 günlük təlim keçmişik. Arıçılıq haqqında müəyyən bilgilər vermişik. Hal-hazırda onlara arı ailələri təqdim edirik. Çalışırıq ki, bu arıçılar öz təsərrüfatını genişləndirə, böyüdə bilsin. Əsas məqsədimiz Azərbaycanda peşəkar arıçılar yetişdirməkdir.

İsmayıl Yönətmən,TİKA-nın Bakı ofisinin əməkdaşı: Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi layihə və fəaliyətlər arasında arıçılıq xüsusi yer tutur. 2012-2014-cü illərdə bu layihə çərçivəsində ölkənin üç regionu üzrə 32 rayonu əhatə etməklə 300 kəndli ailəsinə təmənnasız olaraq yardım şəklində arı ailələri, pətəklər və digər arıçılıq avadanlıqları verilərək 300 yeni arıçılıq təsərrüfatının qurulmasına nail olunub. Azərbaycanda arıçılığın inkişaf etdirilməsinə xidmət edən bu layihə, regionların inkişafına, yerlərdə məşğulluğun artırılmasına və əhalinin keyfiyyətli bal məhsulları ilə təmin olunmasına da öz töhfəsini verəcək. Həmçinin arıçılar və əhali arasında arıçılıqla bağlı bilik və təcrübənin artırılmasına səbəb olacaq.

Gənc arıçılar da bu cür lahiyələrin həyata keçirilməsini məqsəduyğun hesab edirlər. Bundan başqa layihə gənclərin məşğulluğunu təmin etməklə yanaşı gənc fermerlərin yetişməsinə öz töhfəsini vermiş olacaq.

Cəlilabad sakini, gənc arıçı Vüsal Sultanov: Mənim çoxdankı arzum idi ki, arı saxlayım. Balacalıqdan həvəsim olub. Babam da arıçı olub. Mən də bu arını almaqda, aparmaqda məqsədim odur ki, onu genişləndirim, çoxaldım.

Qeyd edək ki, layihə çərçivəsində cənub rayonlarında yaşayan 100 kəndli ailəsinə 1000 arı ailəsi veriləcək.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə