Vüqar Bayramov: "Qızılın qiyməti minimuma düşdü"

Vüqar Bayramov: "Qızılın qiyməti minimuma düşdü"
"Bu gün qızıl dünya bazarında psixoloji həddən aşağı düşdü: artıq bir qramı 34 dollara təklif edilən qiymətli metal 35 dollarlıq "döşəməni" silkələyə bildi". SİA-nın məlumatına görə, bunu iqtisadçı ekspert Vüqar Bayramov söyləyib.

İqtisadçı bildirib ki, dünya bazarında qızılın qiymətinin son 5 ildə tarixi minimuma düşməsi deməkdir: "Son 1 ildə 16, yarım ildə 15 və iyul ayında 7 faiz dəyər itirən qiymətli metalın qramı artıq psixoloji həddən də aşağı düşməklə sözügedən bazarda ciddi durğunluq yaradıb. Eyni zamanda son 5 ildə qızılın 8 faiz ucuzlaşması qeydə alınıb. Dünya bazarına qızıla tələbin azalması, bir sıra ölkələrinin öz ehtiyatlarını satışa çıxarması və eləcə də investorların sözügedən bazardan öz vəsaitlərini tədricən kəçməsi qiymətli metalın "qiymətsizləşdirən" əsas səbəblərdən hesab edilir. Qızılın qiymətinin ucuzlaşmasına təsir edən digər amil isə bu qiymətli metala zinət əşyası kimi marağın azalmasıdır. Hazırda isə dünya bazarında inflyasiya minimuma enib, səhmlərin qiymətləri isə artmağa başlayıb və dollar güclənir. Bütün bunlar isə qızılın investisiya baxımından cəlbediciliyini azaldır. Eyni zamanda, 2008 və 2009-cu illərdə ehtiyatlarının bir qismini qızıla çevirən bir sıra ölkələr o cümlədən Çin və Hindistanda qızıl külçələr və sikkələr ötən ildən başlayaraq bazara çıxarıblar ki, bu da qızıl təklifinin artmasına səbəb olub. Qızılın qiymətindəki dəyişikliklər valyuta bazarında son zaman müşahidə olunan tendensiya ilə də bağlıdır. Dolların möhkəmlənməsi qızıl bazarına iqtisadi və psixoloji təsir göstərir. Digər tərəfdən, qızıl bazarında spekulyativ oyunlar da kifayət qədər yüksəkdir və bu da qiymətlərin dəyişməsini şərtləndirir".

Vüqar Bayramov onu da diqqətə çatdırıb ki, dünya bazarındakı dəyişikliklər Azərbaycanda qızılın qiymətinə təsir göstərməkdədir. İdxalın ucuzlaşması nəticəsində daxili bazarda son 1 ayda 7 faizə yaxın azalma qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə