Rövnəq Abdullayev Yaponiyada

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin başçılığı ilə şirkətin nümayəndə heyəti Yaponiyada səfərdədir. SOCAR-dan SİA-ya verilən xəbərə görə, səfərin məqsədi Yaponiya şirkətləri ilə ikitərəfli görüşlərin keçirilməsi, SOCAR-ın həyata keçirdiyi layihələrdə yapon şirkətlərinin iştirakının və əməkdaşlıq imkanlarının müzakirə olunmasıdır.

Səfər çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayev Yaponiyanın ən böyük neft-qaz hasilatı və emalı şirkəti olan İNPEX Korporasiyasının prezidenti Toshiaki Kitamura ilə görüşüb. Görüşdə SOCAR-ın vitse-prezidentləri Süleyman Qasımov və Tofiq Qəhrəmanov, Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə, Yaponiya tərəfdən isə İNPEX şirkətinin Avrasiya və Yaxın Şərq regionu üzrə vitse-prezidenti Yasuhisa Kanehara və AÇG və BTC layihələri üzrə aktivlərin idarə olunması üzrə vitse-prezident Akihiko Kurashina iştirak ediblər. Görüşdə İNPEX şirkətinin SOCAR-ın layihələrində, o cümlədən Azəri-Çıraq-Günəşli (AÇG) layihəsində iştirakı, AÇG üzrə gələcək əməkdaşlıq, Azərbaycanın daxilində və xaricdəki layihələrdə mümkün əməkdaşlıq perspektivləri, SOCAR mütəxəssisləri üçün İNPEX şirkətində treninqlərin təşkil olunması və digər məsələlər müzakirə edilib.

SOCAR-ın nümayəndə heyətinin Yaponiyaya səfəri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə