“Böyük İqtisadi Ensiklopediya”nın 6 və 7-ci cildlərinin təqdimatı olub

“Böyük İqtisadi Ensiklopediya”nın 6 və 7-ci cildlərinin təqdimatı olub

Bu gün Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadənin ideya müəllifi və baş redaktoru olduğu "Böyük İqtisadi Ensiklopediya"nın 6 və 7-ci cildlərinin təqdimatı olub. SİA-nın məlumatına görə təqdimata ölkənin dövlət və hökumət rəsmiləri, millət vəkilləri qatılıblar.

Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib ki, iqtisadi ensiklopediyalar nadir hallarda hazırlanır: "Azərbaycanda belə məsul vəzifəni görkəmli iqtisadçı alimimiz Ziyad Səmədzadə öz üzərinə götürüb. Bu çox böyük uğur və nailiyyətdir. Təqdimatına toplaşdığımız ensiklopediyada dilimizin lüğət fonunda daxil olan iqtisadi terminlərin izahı öz əksini tapıb. Eyni zamanda ensiklopediyada qlobal iqtisadiyyata inteqrasiyaya, azad bazar münasibətlərinin dərinləşməsinə əsaslanan milli iqtisadiyyatla bağlı məsələlər ətraflı şəkildə təhlil edilib. Bundan başqa beynəlxalq iqtisadi terminlər lüğətindən, maliyyə-bank sahəsindəki təhlillərdən də yararlanılıb. Bütün iqtisadi amillər çox yüksək peşəkarlıqla təsvir olunub".

Daha sonra çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, tanınmış alim Xoşbəxt Yusifzadə deyib ki, iqtisadi ensiklopediya çox mükəmməl hazırlanıb.

Xoşbəxt Yusifzadə vurğulayıb ki, ensiklopediyada TANAP, TAP layihələri barədə hərtərəfli məlumatların verilməsi xüsusilə təqdirəlayiqdir.

Alim neftin qiyməti ilə bağlı məsələlərin ensiklopediyada yer almasını şərh edib: "Dünyada neftin qiyməti dalğavaridir. 1994-cü ildə "Əsrin müqaviləsi" imzalananda dünya bazarlarında neftin qiyməti 13 dollar idi. Amma biz yenə də yaxşı işləyirdik. Sonra neftin qiyməti 100 dollardan yuxarı oldu. Biz onda da yaxşı işləyirdik. Son bir ildə isə neft ucuzlaşmaqda davam edir. Buna görə də deyə bilərəm ki, neftin qiyməti heç zaman sabit olmayıb".

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin strategiyası və dövlət başçısı İlham Əliyevin bu siyasəti davam etdirməsi sayəsində Azərbaycan dünyanın aparıcı ölkələrindən birinə çevrilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da ensiklopediya ilə bağlı fikirlərini bölüşüb: ""Böyük İqtisadi Ensiklopediya" magistr və aspirantlar üçün çox dəyərli bir kitab sayıla bilər. Çünki, iqtisadi institutlarla bağlı geniş məlumatlar öz əksini tapıb.

Sonra çıxış edənlər ensiklopediya haqqında yüksək fikirlər səsləndiriblər.

Tədbirin sonunda çıxış edən Ziyad Səmədzadə tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib.

Qeyd edib ki, ensiklopediyada ayrı-ayrı ölkələrin iqtisadiyyatını xarakterizə edən diaqramlar, dünya iqtisadiyyatına təsir edən amillərin sistemli təhlili və digər konkret faktlar yer alıb: "Oxucular burda neftin tarixi, strategiyası, dünya yanacaq kompleksləri ilə yanaşı, neft ilə əlaqədar terminlərlə tanış ola bilərlər. Topluda banklar, marketinq, sığorta, turizm, beynəlxalq münasibətlər və digər sahələri əhatə edən məsələlərə toxunulub.

Qeyd edək ki, "Böyük İqtisadi Ensiklopediya"nın ilk 5 cildliyinin təqdimatı 2012-ci ildə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə