Rusiya ilə Azərbaycan arasında memorandum imzalandı

Rusiya ilə Azərbaycan arasında memorandum imzalandı

Bu gün Minsk şəhərində öz işinə başlayan MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının növbəti, 62-ci iclasında Rusiya ilə Azərbaycan dəmir yolları arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətindən bildirilib ki, tədbirdə bu qurumun sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

İclasın gündəliyinə Şuranın 61-ci iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2014-cü il və 2015-ci ilin birinci rübü ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, bu dövrdə beynəlxalq sərnişin daşınmasının nəticələri, 2015-2016-cı illərdə qatarların hərəkət qrafiki, Şuranın 63-cü iclasının keçirilmə tarixi, yeri, gündəliyi və digər aktual məsələlər salınıb.

Eyni zamanda, tədbir çərçivəsində dəmir yolu rəhbərləri arasında ikitərəfli görüşlər də keçirilir.

Mayın 20-də "Rusiya Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Vladimir Yakunin və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov birgə əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Memorandumda "Rusiya Dəmir Yolları" ASC və "Azərbaycan Dəmir Yolları" QSC arasında beynəlxalq sərnişin və yük daşınmasının təmin edilməsi sahəsində birgə əməkdaşlıq səviyyəsini nəzərə alaraq, hər iki ölkənin dəmir yolu nəqliyyatında texnoloji birliyin qorunması və inkişaf etdirilməsi, dəmir yolu nəqliyyatı sahəsində sıx əməkdaşlıq əsasında hər iki dövlətin iqtisadi-nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi üçün bir sıra müddəalar əksini tapıb.

Memoranduma əsasən Rusiya ilə Azərbaycanın geosiyasi vəziyyəti nəzərə alınaraq, Beynəlxalq Avrasiya "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya-Avropa istiqamətində daşıma həcminin artırılması üçün hər iki dövlətin tranzit dəmir yolu nəqliyyatı potensialından maksimum dərəcədə istifadə edilməsi, "Samur-Yalama" beynəlxalq sərhəd-keçid məntəqəsinin fəaliyyətinin gücləndirilməsi, sənədlərin elektron üsulla işlənməsi üçün mütərəqqi texnologiyaların tətbiqi, maliyyə öhdəliklərinin yerinə yetirilməsi, sərnişin daşınması üzrə tarif rəqabət həddinin müəyyənləşdirilməsi, yük vaqonlarından hər iki dövlətin ərazisində səmərəli istifadə olunması və əməkdaşlıq məsələlərinin həlli məqsədilə bir ay müddətində İşçi Qrupun yaradılması nəzərdə tutulur.

MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 62-ci iclası mayın 21-də işini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə