Mark Ehler: “Azərbaycanı "Avroviziya"dan sonra tanımışam” AÇIQLAMA
"20 ay bundan öncə Azərbaycana gəlmişəm. Ölkəyə gəldikdən sonra mehmanxanaçılıq idarəetmə sistemini qurmuşam. 2011- 2012 mövsümündə 50 min və ötən mövsümdə 80 min turist ziyarəti qeydə alınıb ki, bununla müqayisədə builki göstərici 90 min nəfər olub". SİA-nın məlumatına görə, bu sözləri "Absheron Hotel Group"-un icraçı direktoru Mark Ehler bu gün "İntourist Otel Baku" Mehmanxanasının açılışı zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda may ayına qədər "Absheron Hotel Group"un 2 mehmanxanası fəaliyyət göstərirdi. Artıq bu otellərin sayı hazırda 4-ə çatıb: "May ayına qədər Şahdağda 2 otelimiz, "Park Chalet Şahdağ" və "Pik Palace Şahdağ" fəaliyyət göstərirdi. Bu otellər mövsumi olaraq işləyir. Gələcəkdə Şahdağda yerləşən otellərin ilboyu çalışması planlaşdırılır. Bakıda isə, ilk açılan otelimiz "İntourist Otel Baku" olub. Daha sonra, yəni mayın 15-də Bulvar otelini istifadəyə vermişik. Biz Azərbaycanda yerli kökləri özündə daşıyan mehmanxana sistemi qururuq".
Mark Ehler onu da qeyd edib ki, Azərbaycanda qonaqpərvərlik ruhu var. Ölkənin turizminin inkişaf etdirilməsi üçün işlər görülür. Avropa Oyunlarının ölkənin tanıtımına böyük dəstəyi olacaq: "Azərbaycanın bir çox bölgəsində olmuşam. Burada insanlar tərəfindən çox gözəl qarşılanmışam. Qonaqpərvərlik ruhunun azərbaycanlıların kökündə olduğunu aşkar etdim. HazırdaAzərbaycanda otelçilik təcrübələrinin öyrədilməsi üçün təlimlər həyata keçiririk. Azərbaycandan otelçilik sahəsində baş idarəçilərin yetişdirilməsinə çalışırıq. Ölkədə turizmin inkişaf etdirilməsi üçün bütün resurslar mövcuddur. Ölkənin turizmin ilə ilk dəfə Avroviziya Mahnı Müsabiqəsi zamanı tanış oldum. Əvvəllər də Azərbaycan haqqında eşitsəm də, bu müsabiqədən sonra ciddi maraqlanmışam. Hesab edirəm ki, Avropa Oyunları Azərbaycanın bundan sonra da tanınmasına ciddi töhfə verəcək. Çünki belə tədbirlər ölkənin dünyada tanınmasına səbəb olur. Bu nümunələrdən biri də özüməm. 20 ay əvvəl eşitdiyim Azərbaycanda bu gün sahibkarlıq fəaliyyəti ilə məşğulam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB