"Mərkəzi Bankın ehtiyatlarının 1,3 milyard manat azalması sübut edir ki, maliyyə bazarına dövlət tərəfindən müdaxilə hər kəsin marağındadır". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanununa dəyişikliklər barədə məsələnin müzakirəsi zamanı deyib.
O bildirib ki, bank sahəsindəki sabitlik həm də vətəndaşların xeyrinədir və bu dəyişikliklər AMB-nin resurslarının genişlənməsinə imkan verəcək.
Z. Oruc son günlər ölkədə iş adamalarının saxlanılması məsələsinə də toxunub: "Hesab edirəm ki, iş adamları ilə bağlı həbslər bütövlükdə bank sektorunda sabitləşmənin həyata keçirilməsi üçün bir addım olacaq. Bu məsələ ətrafında ajiotaj yaradılması başa düşülən deyil. Sadə vətəndaş krediti ödəyə bilməyəndə məhkəmələr tərəfindən sanksiyalar tətbiq edilir. Bəzən o vətəndaşlar qoyduqları girovları itirmək məcburiyyətində qalır. Bu vəziyyət qətiyyən ajiotaj yaratmırdı. Son günlər həyata keçirilən tədbirlər də bu cür addımlardandır. Sanki elə qəbul edilir ki, külli miqdarda dövlət vəsaitini yayındırıb müxtəlif cür addım ata bilərlər və onlar borclu deyillər. Ölkə başçısı ötən gün bir daha qeyd etdi ki, Azərbaycanda biznes mühiti üçün heç bir problem yoxdur, yetər ki, biznesmenlər qanun qarşısında öhdəliklər yerinə yetirsinlər".
Z. Orucun çıxışına münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov deyib: "Ajiotaj yaradanlar bilinir kimlərdir. Onlar Azərbaycanda olan hər bir şeyə ajiotaj yaradır. Siz heç nəyə görə narahat olmayın. Azərbaycanda dövlət orqanları var və onlar bununla bağlı lazimi tədbirlər görür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB