Son illər Azərbaycanda sosial sığorta-pensiya sistemi və dövlət sosial yardımı sisteminin beynəlxalq standartlar əsasında fəaliyyət göstərməyə davam edir. Sərbəst bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sosial müdafiə sisteminin məzmunu, qanunverici - institusional əsasları yeni şəraitlə ziddiyyət təşkil edib.
2001-ci ilin noyabrında "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanun qəbul edilib, 2006-cı ilin 1 yanvarından, "Əmək pensiyaları haqqında", "Dövlət sosial müavinətləri haqqında" və "Ünvanlı dövlət sosial yardımı haqqında" üç qanun qüvvəyə minib və hər iki sistemin fəaliyyətini təmin edəcək qanunvericilik bazası yaradılıb.
Bildiyimiz kimi, dünyanın müxtəlif ölkələri pensiya sistemlərinin təkmilləşdirilməsinə dair strategiya və taktikasını dəyişməkdədir. Bu dəyişikliklər işəgötürmənin əmək və sosial şərtlərin dəyişməsi, eləcə də pensiya-sığorta sistemlərinin cəmiyyətdəki roluna dair təsəvvürlərin yeniləşməsi ilə əsaslandırılır. Bütün hallarda bu sistemin qarşısında duran başlıca vəzifələri - yaşlı adamlar arasında qocalığa, əlilliyə və yoxsulluğun azaldılması yöndə sosial sığorta hadisələrinə görə itirilmiş gəlirlərin mümkün qədər yuxarı səviyyədə kompensasiyası vəzifələri dəyişməz qalır.
12 il və pensiya hüququnu qazana bilməmə kimi halların aradan qaldılması
Bu gün Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sistemi formalaşdırılıb. Hazırda Dövlət Sosial Müdafiə Fondu (DSMF) Prezident İlham Əliyevin imzaladığı "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" ilə qarşıya qoyulan vəzifələri lazımi səviyyədə yerinə yetirməkdədir. İnformasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF-nin əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı ildən-ilə artmaqdadır.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev açıqlamasında qeyd edib ki, ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir.
"Bu əsasda formalaşan Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik şəraitində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Hazırda vətəndaşların pensiya kapitalı ödənilən cəmi sosial sığorta haqqının 50 faizinin fərdi hesablarda qeydə alınması ilə formalaşdırılır, digər 50 faizi isə sistemin ümumi xərclərinin, o cümlədən pensiyaçılar üçün bərabər məbləğlərlə ifadə olunan baza hissəsinin maliyyələşdirilməsinə yönəldilir. Məhz bu hal yüksək əməkhaqqından sosial sığorta haqqı ödənilməsinə marağı azaldır. Bunun tənzimlənməsi, eləcə də qeyri-leqal əmək ödənişlərinin iqtisadi üsullarla aradan qaldırılması işləyənlərin fərdi hesablarında onlar üçün ödənilən sığorta haqqının yarısının deyil, tam məbləğinin əks etdirilməsini tələb edir. Bu qaydanın tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əməkhaqlarının tam qeydiyyatında maraqlı olacaqlar. Məsələn, 5-10 il yüksək məbləğlə sosial sığorta haqqı ödənildiyi halda, staj tələbinin 12 il olması səbəbindən pensiya hüququnu qazana bilməmə kimi hallar tam aradan qaldırılacaq. Minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə ümumiyyətlə staj tələbi qoyulmayacaq".
Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 063 167 nəfərə yüksəlib
Mayın 1-nə olan statistikaya əsasən, DSMF tərəfindən aprel ayında əlavə olaraq 21 354 sığorta olunana fərdi şəxsi hesab açılıb. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların sayı 2,92 faiz artıb. Beləliklə də, Azərbaycanda fərdi şəxsi hesabı olan sığorta olunanların sayı 3 063 167 nəfərə yüksəlib.
Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların 59,1 faizi (1 810 275 nəfər) kişi, 40,9 faizi (1 252 892 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığorta olunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığorta olunanların 24,74 faizini (757 931 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların 21,73 faizini (665 662 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,77 faizini (636 352 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,16 faizini (648 085 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,60 faizini (355 137 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
Fərdi uçot - qanunvericiliyə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığorta olunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
"Pensiyasının sığorta hissəsi 50 manat olan pensiyaçı üçün artım 0,70 manat təşkil edəcək"
İqtisadçı ekspert Rövşən Ağayevin sözlərin görə, Azərbaycan qanunvericiliyinə görə, əmək pensiyaları baza və sığorta hissəsindən ibarətdir: "Baza hissəsi əmək pensiyalarının dövlətin təminat verdiyi minimum məbləğidir. 2013-cü ilin sentyabrından baza pensiyasının məbləği 100 manat müəyyən edilib. Sığorta hissəsi isə əmək fəaliyyəti dövründə işçinin maaşından ayrılan sosial sığorta haqları hesabına işçiyə hesablanan pensiya məbləğidir. Əmək pensiyaları haqqında Qanunun 29-cu maddəsinin 2-ci hissəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla ölkə prezidentinin sərəncamı ilə rəsmi elan olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Məsələn, 2014-cü ildə istehlak qiymətləri indeksi 1.4 faiz olub. 150 manat alan əmək pensiyaçısı üçün bu məbləğ belə hesablanır: 100 manat çıxılır, 50 manatın 1,4 faizi qədər pensiya artırılır. Bir sözlə, pensiyasının sığorta hissəsi 50 manat olan pensiyaçı üçün artım 70 qəpik (0,7 manat) təşkil edəcək".
Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə isə inflyasiya 2,4 faiz qeydə alındığı üçün əmək pensiyasının indeksasiya olunan artımı da bu həddə olub.
Bu müqayisədən məlum olur ki, inflyasiya yüksək olsaydı pensiyanın indeksasiya olunan hissəsi də daha çox arta bilərdi".
Qeyd edək ki, əmək pensiyası almaq üçün mövcud qanunvericiliyə əsasən, pensiya yaşı çatmış vətəndaşın ən azı 12 il iş stajına malik olması tələb olunur. Bu o deməkdir ki, vətəndaş ən azı 12 il sosial vergi ödəməlidir ki, əmək pensiyası ala bilsin.
İqtisadçılar deyirlər ki, Azərbaycanda pensiyanın sığorta hissəsi indeksasiya edilir. Bunda isə məqsəd pensiyanın sığorta hissəsini inflyasiyadan qorumaqdır. Belə ki, mövcud qanunvericiliyə əsasən pensiyalar inflyasiya göstəricilərinə əsasən, indeksasiya edilir ki, pensiyanın sığorta hissəsi inflasiyadan qorunsun.
Onu da vurğulayaq ki, Azərbaycan MDB ölkələri arasında pensiyanın sığorta hissəsini indeksasiya edən ilk dövlətdir.
Xarici ölkələr və sığorta-pensiya sistemi
Ekspertin sözlərinə görə bunlarla yanaşı, pensiya sistemində digər müəyyən islahatların aparılmasını da təklif olunur: "Biz Avropada olan praktikanın tətbiq edilməsini təklif edirik. Əksər Avropa ölkələrində pensiyanın təyin olunması üçün vətəndaşın iş təcrübəsi 3-5 il nəzərdə tutulur. 5-12 illik iş təcrübəsi zamanı pensiyalar nisbətən aşağı hesablanır. 12 ildən yuxarı iş təcrübəsi olan vətəndaş üçün isə əmək pensiyası artıq mövcud tariflərlə hesablanır".
Rövşən Ağayev deyir ki, Avropa Ölkələrində və ABŞ-da tətbiq edilən praktikanın xüsusiyyətinə görə, bəzən vətəndaş böyük miqdarda ödənişlər edir, amma onun ömrü imkan vermir ki, əmək pensiyasına çıxsın. Ona görə də daha çox ödəniş edənlərə daha tez pensiyaya çıxmaq hüququ verilir.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda beynəlxalq standartlara cavab verən sığorta-pensiya modeli formalaşdırılır. Bu gün Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir.
Natiq Qədimov
QEYD: Yazı DSMF-nin "Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır" mövzusunda müsabiqəyə təqdim olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB