ADİU-da G20 sammitinə həsr olunan konfrans keçirilib FOTOLAR

ADİU-da G20 sammitinə həsr olunan konfrans keçirilib FOTOLAR

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə "G20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni iqtisadi əməkdaşlıq imkanları" mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Türkiyə Mərkəzi Bankının sədr müavini Mehmet Yörükoğlu, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev, Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov və ADİU-nun rektoru Ədalət Muradov iştirak edib. Konfransda ilk çıxış edən ADİU-nun rektoru Ədalət Muradov qeyd edib ki, Türkiyənin "G20" sammitində sədrlik statusu əldə etməsində sonra Azərbaycanı "Böyük iyirmilik" tədbirlərində iştiraka dəvət etməsi xüsusi önəm kəsb edir. G20 sammiti həm regional, həm də beynəlxalq problemlərin həlli üçün vacib tədbirlərdəndir. Ə.Muradov bildirib ki, "Böyük iyirmiliyə" daxil olan ölkələrin iqtisadiyyatı dünya ticarətinin təqribən 80 faizini təşkil edir. Məhz, dünya iqtisadiyyatında baş verən problemləri öncədən görmək və qarşıya çıxan təzadları aradan qaldırmaq üçün G20 ölkələrinin təklifləri bütövlükdə qlobal iqtisadiyyatın dayanıqlılığının təmin edilməsinə xidmət edir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan strategiyanın reallaşdırılması, Azərbaycan Prezindenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz dünya səviyyəsində böyük nəaliyyətlər əldə edib. Bunun bariz sübutu kimi dünya təşkilatlarının son iqtisadi dəyərləndirməsini göstərmək olar. O bildirib ki, Ölkəmizdə reallaşdırılan qlobal səviyyəli layihələr Azərbaycanın unikal iqtisadi modelə malik ölkə olduğunu səciyyələndirir. Azərbaycanın qlobal tədbirlərə qoşulmaqla təkcə "Böyük iyirmiliyə" daxil olan ölkələrin təcrübəsini öyrənmək deyil, eləcə də Azərbaycanın özünəməxsus milli iqtisadi inkişaf modelini sammit ölkələrinin diqqətinə çatdırmaq imkanı əldə etmiş olur. Türkiyənin G20-dəki prioritetlərindən danışan məruzəçi Ədalət Muradov, iqtisadi inkişafın inkluzivliyinin təmininində Azərbaycanın təcrübəsi əhəmiyyətlidir. Məhz, milli iqtisadi inkişaf proqramı sahəsindəki təcrübəsi sammit ölkələri üçün faydalı ola bilər.

Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun qeyd edib ki, Azərbaycanın müzakirəsiz olaraq G20-yə dəvət edilməsi ölkənin Türkiyədə bütün sahələrdə yüksək yerdə olmasının göstərir. Bununla yanaşı, Azərbaycanın G20-də iştirakı ölkənin iqtisadiyyat başda olmaqda, digər bütün sahələrdə səviyyəsinin və Türkiyənin ondan güc ala biləcəyinin sübutudur. Səfir qeyd edib ki, bəzi tematik prioritetlərin, xüsusilə kiçik və orta biznesin və sahibkarlığın dəstəklənməsi sammitdə müzakirə olunacaq mövzulardan olacaq. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev Türkiyənin ölkəmizi bu cür qlobal tədbirə dəvət etməsini yüksək dəyərləndirib. O qeyd edib ki, qlobal iqtisadi inkişafın istiqamətləri barədə aparılacaq müzakirələrdə yer almaq ölkəmiz üçün əhəmiyyətlidir. Dünya ölkələrinin iqtisadi sahədə təkliflərini dinləmək və geniş spektrli fikir mübadiləsi aparmaq faydalı imkandır. Xüsusilə, investisiyaların cəlbi və infrakstruktur layihələri barədə müzakirələr Azərbaycanın diqqətdə saxladığın mövzulardandır.

Türkiyə Mərkəzi Bankının sədr müavini Mehmet Yörükoğlu çıxışı zamanı pul-kredit siyasətinə diqqət çəkib. M. Yörükoğlu qeyd edib ki, dünya mərkəzi banklarının hazırda qarşısında duran başlıca vəzifə inflyasiya-deflyasiya aspektlərini nəzarətdə saxlamaqdır. İnflyasiya səviyyəsinin tənzimlənən olması üçün başlıca şərt qiymət sabitliyinin təşkili olduğu bildirilib. Türkiyə təcrübəsindən danışan məruzəçi, ölkədəki inflyasiya səviyyəsinin dinamik dəyişkən olduğunu bildirib. Məhz, bu faktorun sahibkarların fəaliyyəti üçün riskli amil olması qeyd edilib. İnflyasiyanın qida qiymətlərində, başqa sözlə istehlakçı səbətində təsiri yüksəkdir. Mehmet Yörükoğlu qeyd edib ki, qiymət dəyişkənliyi Mərkəzi Bankların monetar siyasətində öz təsirini göstərir.

Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov "Qlobal iqtisadi proseslər və Azərbaycan iqtisadiyyatı" mövzusunda çıxış edib. A.Ələsgərov qlobal iqtisadi mühit, ölkə iqtisadiyyatının xarici sektoru və Mərkəzi Bankın pul-məzənnə siyasətində danışıb. Məruzəçi ölkəmizin illik qlobal artım proqnozlarından danışarkən dünyada baş verən iqtisadi proseslərin təsirini vurğulayıb. Qlobal mühitdə baş verən proseslərin Azərbaycanın ixrac potensialını stimullaşdırdığını qeyd edib. Məruzəçi pul siyasəti strategiyanın təkmilləşdirilməsi barədə danışarkən Mərkəzi Bankın texniki potensialının yüksəldilməsi, daha çevik məzənnə rejiminə tədrici keçid və maliyyə bazarlarının dərinləşdirilməsi məqamlarına diqqət çəkib. Tədbirin formatına uyğun olaraq daha sonra konfransın qonaqları, müəllim və tələbələrin sualları əsasında diskusiya aparılıb, təkliflər dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə