Türkiyəli bankir Azərbaycan təhsilindən danışdı AÇIQLAMA

Mehmet Yörükoğlu: “Ölkə iqtisadiyyatı ilə bağlı təhsil verilərsə, daha yaxşı olar”
Türkiyəli bankir Azərbaycan təhsilindən danışdı AÇIQLAMA

"Universitetlər ancaq inkişaf etmiş ölkələrin iqtisadiyyatı ilə bağlı təhsil verir. Türkiyədə belədir və hesab edirəm ki, bu Azərbaycanda da eynidir. Fikirləşirəm ki, yalnız inkişaf etmiş ölkələrin iqtisadiyyatı ilə bağlı verilən təhsil düzgün bir təhsil deyil". SİA-nın məlumatına görə, bu sözləri Türkiyə Respublikası Mərkəzi Bankının sədr müavini Mehmet Yörükoğlu bu gün İqtisad Universitetində keçirilən "G-20: Türkiyənin Sədrliyinin Prioritetləri və Azərbaycanın Yeni İqtisadi Əməkdaşlıq İmkanları" mövzusunda keçirilən elmi- praktiki konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həm Türkiyədə, həm də Azərbaycanda universitetlər ölkənin iqtisadiyyatı və iqtisadi problemlərdən çıxış yolu ilə bağlı təhsil verməlidir. Mərkəzi Bank sədrinin müavini onu da qeyd edib ki, G-20-yə sədrlik çərçivəsində keçirilən əhəmiyyətli konfranslardan biri də Bakıda baş tutub: "Universitetlərimiz ölkələrimizin iqtisadiyyatı ilə bağlı təhsil verərsə, bu o vaxt daha dəyərli olar. Tələbələrimiz ölkəmizin iqtisadi problemlərini və nələri edə biləcəyimizi öyrətməli və araşdırmalıdır. Türkiyə Azərbaycanı G-20 toplantısına qonaq olaraq dəvət edib. Azərbaycanda inkişaf etməkdə olan ölkə olaraq iqtisadi inkişafın yolları barədə məruzə ilə çıxış etdik. Düşünürəm ki, belə konfransların bu ölkələrin inkişafına müsbət təsiri olacaq".

Mehmet Yörükoğlu çıxışı zamanı ölkələrin inflyasiya siyasətinə də toxunub. O qeyd edib ki, inflasiyanın minimuma endirilməsi deflyasiyaya səbəb ola bilər ki, bu daha böyük problemlərlə üzləşməyə səbəb olar: "Mərkəzi Bankların hədəfləri ölkədəki inflyasiyaların azalması istiqamətində işlər aparmaqdır. Biz də bu istiqamətdə işlər görürük. Lakin dünyada belə bir təcrübə var ki, inflyasiya 2 % dərəcəsində tutularsa, bu müsbət irəliləyiş deməkdir. Ancaq inflyasiya minimuma endirilərsə, bu gələcəkdə ciddi problemlər yarada bilər. Çünkü bu daha sonra deflyasiya yaradar və ölkənin iqtisadi çöküşünə gətirib çıxardr. Türkiyə də bu problemi vaxtilə yaşasa da, bu gün inflyasiya səviyyəsi qorunmaqdadır".

Bütün xəbərlər Facebook səhifəmizdə