Şahin Mustafayev: “Azərbaycan ən çox islahat aparan 10 ölkə sırasındadır” AÇIQLAMA
"Artıq bir sıra ölkələrdə Regional məsləhətləşmə forumları keçirilir. Bu tədbirin region ölkələrindən məhz Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Bu forumla Azərbaycan da G20 çərçivəsində bu qlobal prosesə qoşulur". SİA-nın məlumatına görə, bu sözləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan Regional Məsləhət Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyənin Azərbaycanı G20-yə qonaq olaraq dəvət etməsi ölkələrimiz arasındakı münasibətlərimizdən xəbər verir: "Azərbaycanda sahibkarlıq inkişaf etdirilir, bu beynəlxalq reytinq cədvəllərində də öz əksini tapır. Sədrlik edən ölkə kimi Türkiyənin Azərbaycanı G20-yə qonaq ölkə qismində dəvət etməsi, ölkələrimiz arasındakı yüksək strateji əməkdaşlıq və dostluq münasibətlərini bir daha təsdiq edir. Sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan hökumətinin prioritetlərindən biridir. Bu gün Azərbaycanda güclü orta sahibkarlar təbəqəsi formalaşıb, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılıb, sahibkarlarımız xarici ölkələrdə uğurla fəaliyyət göstərməyə başlayıb. Bu vaxta kimi iqtisadiyyata 200 milyard dollar investisiya qoyulub ki, bunun yarısı xarici investisiyalardır. Bu il isə 189 ölkənin iqtisadiyyatını qiymətləndirən "Doing Business 2015" hesabatında ən çox islahat aparan 10 ölkə sırasında 8-ci olub".
Şahin Mustafayev transmilli layihələr haqqında da danışıb: "Yüklər və insanlar Çindən Londonadək dəmir yolu vasitəsilə daşınacaq. Azərbaycanın təşəbbüskarı olduğu transmilli enerji layihələri bu gün artıq nəinki regionun, hətta Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Digər tərəfdən də Azərbaycanı mühüm tranzit qovşağına, Avrasiya nəqliyyat dəhlizlərinin əhəmiyyətli halqasına çevirir. "Dəmir ipək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun bu il istifadəyə verilməsi ilə sərnişinlərin və yüklərin Çindən Londonadək dəmir yolu vasitəsilə daşınmasına imkan yaranacaq. Enerji, nəqliyyat və digər regional infrastruktur layihələrinin həyata keçirilməsində Azərbaycan Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrlə sıx əməkdaşlıq edir. Bununla yanaşı, ticarət, investisiya, enerji mübadiləsi kimi sahələrdə də region ölkələri bizim əsas tərəfdaşlarımızdır. Bunların da ən ciddisi isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın apardığı işğalçılıq siyasətidir. Azərbaycan ərazilərinin 20 faizinin işğal altında saxlanılması nəticəsində işğalçı dövlət özü bütün regional layihələrdən kənarda qalıb. İşğala son qoyulmayana qədər bu ölkənin hər hansı layihədə iştirakı mümkün olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB