Qazaxıstan səfiri: “Azərbaycanın təcrübəsi bizim üçün maraqlıdır”

Qazaxıstan səfiri: “Azərbaycanın təcrübəsi bizim üçün maraqlıdır”

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Komissiyanın sədri Bəhram Xəlilov Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevlə görüşüb. Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə. qonağı respublikamızda fövqəladə və səlahiyyətli səfir təyin olunması münasibətilə təbrik edən Komissiya sədri Qazaxıstanla Azərbaycan arasında bütün sahələr üzrə münasibətlərin, o cümlədə dövlət qulluğu sahəsində münasibətlərin çox yüksək səviyyədə olduğunu bildirib. Dövlət qulluğuna qəbul prosesində ilk olaraq Qazaxıstan Respublikasının təcrübəsinin öyrənildiyini vurğulayan B.Xəlilov Azərbaycanın bu sahədə əldə etdiyi uğurlardan danışıb. Qeyd edilib ki, dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada, müsabiqə əsasında keçirilməsində ölkəmizin əldə etdiyi təcrübə, obyektivlik və şəffaflığın təmin edilməsi məqsədilə qəbul prosesinə müstəqil ekspertlərin və vətəndaş cəmiyyəti üzvlərinin cəlb edilməsi bir çox dövlətlərin marağına səbəb olub. Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyi ilə əməkdaşlığın yüksələn xətt ilə inkişaf etdiyini diqqətə çatdıran Komissiya sədri bir həftədən sonra Qazaxıstanın paytaxtı Astanada təşkil olunan "İqtisadi Forum"da iştirak edəcəyini də nəzərə çatdırıb və bildirib ki, Forum çərçivəsində "Meritokratiya: dövlət qulluğunun səmərələliyinin artırılması mexanizmləri" mövzusunda Azərbaycan təcrübəsindən bəhs edən təqdimat olacaq.

Qazaxıstanın ölkəmizdəki səfiri iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişaf etməsində hökumətlərimizlə yanaşı xalqlarımızın də əməyinin böyük olduğunu bildirib. Azərbaycana səfir təyin edilməsindən şərəf duyduğunu bildirən B.İsabayev münasibətlərin daha sıx olması üçün var gücü ilə çalışacağını qeyd edib. Azərbaycanın dövlət qulluğu sahəsində əldə etdiyi təcrübənin Qazaxıstanda da böyük maraqla qarşılandığını nəzərə çatdıran səfir bu təcrübənin öyrənilməsinin ölkəsi üçün önəmli olduğunu da vurğulayıb: "Çünki Qazaxıstanda həyata keçirilməsi nəzərdə tutulan beş instisional islahatdan biri məhz dövlət qulluğu sahəsini əhatə edir. Ölkəsini daha çox Azərbaycanın dövlət qulluğuna qəbul prosesi, bu prosesdə obyektivlik və şəffalığın təmin edilməsi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, dövlət qulluqçularının etik davranış qaydaları, rotasiyası, əməyinin ödənilməsi, pensiya təminatı, korrupsiyaya qarşı mübarizə və s. kimi məsələlərdə əldə etdiyi təcrübəsi maraqlandırır".

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlət qulluğu sahəsində iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri və digər məsələlər də müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə