Ruslan Atakişiyev: “Avropa Oyunları turizm sahəsinə öz töhfəsini verəcək” AÇIQLAMA

Ruslan Atakişiyev: “Avropa Oyunları turizm sahəsinə öz töhfəsini verəcək” AÇIQLAMA

"Nəzərə alsaq ki, I Avropa Oyunlarında 50-yə yaxın ölkə iştirak edəcək və bu oyunlar müxtəlif yayımlar vasitəsi ilə dünyaya göstəriləcək təbii ki, bu gələcəkdə Azərbaycanla dünya ölkələri arasında yaxın əlaqələrin qurulmasında böyük əhəmiyyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.

Onun sözlərinə görə, I Avropa Oyunları ərəfəsində mötəbər tədbirlə bağlı olaraq xarici ölkələrin kütləvi informasiya vasitələrində video – çarxlar nümayiş etdirilir. Bu da Azərbaycanın dünya ölkələri arasında turizm baxımından da tanınmasına səbəb olacaq: "Avropa Oyunları ilə əlaqədar olaraq Azərbaycanın dövlət qurumları və QHT-lər tərəfindən dünya ölkələrində Azərbaycanın tarixi, görməli yerləri, milli mətbəxi ilə bağlı müxtəlif materiallar, video - çarxlar göstərilir. Təbii ki, oyunlar ərəfəsində də milli mətbəximizin bütün təamları qonaqlara təqdim olunacaq. Bu şəkildə bizi tanıyan insanların Azərbaycana səyahət etmək istəyi yaranacaq. Bu isə turizm sahəsinə öz töhfəsini verəcək".

Ekspert onu da qeyd etdi ki, Azərbaycan tarixi İpək Yolu üzərində yerləşdiyindən tranzit ölkə kimi daha da populyarlaşacaq. Azərbaycana qarşı işadamlarının marağı artacaq: "Ölkəmizin tarixi İpək Yolunun üzərində yerləşdiyini və bir çox faktları nəzərə alsaq, tranzit ölkə kimi Azərbaycanın iştirak etmək imkanı var. Ümumilikdə isə mövcud şəraitin yaradılması gələcəkdə işadamlarının Azərbaycana marağına səbəb ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə