Səttar Mehbalıyev: “Nəzarət tədbirləri öz bəhrəsini verir” AÇIQLAMA

Səttar Mehbalıyev: “Nəzarət tədbirləri öz bəhrəsini verir” AÇIQLAMA

"Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ilə bağlı qəbul etdiyi strategiya çox önəmlidir". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Mehbalıyev bu gün əməyin mühafizəsi ilə bağlı keçirilən konfrans zamanı deyib.

Onun sözlərinə görə, dünyada əməyin mühafizəsinə hələ də ciddi fikir verilmir. Buna görə də, həm iqtisadiyyata zərər dəyir, həm də bədbəxt hadisələr vaxtı ölənlərin sayı artır: "Hər il dünyada iqtisadiyyata 2,8 milyard dollar zərər verilir. Əməyin mühafizəsinə hələ də ciddi nəzarət olunmur. Buna görə, də hər il milyonlarla insan istehsalatda baş verən bədbəxt hadisələrin qurbanı olur. Dünyada əməyin mühafizəsindəki vəziyyət ürəkaçan deyil".

Konfederasiya sədrinin sözlərinə görə, Azərbaycanda istehsalat sahələrində baş verən bədbəxt hadisələrin sayı azalıb. İşəgötürənlərlə birlikdə əməyin mühafizəsinə dair müsabiqələr keçirilir və məlumatlandırma işləri aparılır: "Ölkəmizə gəldikdə isə, müəssisələrdə sağlam və təhlükəsiz əmək şəraiti sahəsində həmkarlar ittifaqının həyata keçirdiyi nəzarət tədbirləri artıq öz bəhrəsini verməkdədir. Azərbaycanın müstəqillik illəri ilə bu gününü müqayisə etsək görərik ki, istehsalatda baş verən hadisələr 4 dəfə azalıb. 2009-cu ildən etibarən biz əməyin mühafizəsi ilə bağlı müsabiqələr keçirdirik. Hər il müsabiqədə iştirak edən təşkilatların sayı çoxalır. Biz işəgötürənlərdən sadəcə onu tələb edə bilərik ki, işçilərin sağlamlığına, onların gələcəyinə ciddi fikir versinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə