Milli Məclisin İqtisadi Siyasət Komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bank haqqında qanuna dəyişikliklər müzakirə olunub. SİA-nın məlumatına görə, dəyişikliklər barədə məlumat verən Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib ki, qanuna edilən dəyişiklik Mərkəzi Bankın kapital çatışmazlığı olduğu təqdirdə onun ödənilməsinin təkmilləşdirilməsinə xidmət edir.
A. Quliyev qeyd edib ki, mövcud qanunvericiliyə əsasən Mərkəzi Bankın kapitalının onun nizamnamə və kapital ehtiyatlarından formalaşdırılması tələbi irəli sürülür və kapital ehtiyatlarının normativi tədavüldə olan pul kütləsinin 15 faizi miqdarında müəyyən edilir: "Təqdim edilən dəyişikliklərdə bu normative ləğv olunur və Mərkəzi Bankın capital ehtiyatlarının minimum həddi onun nizamnamə kapitalından az olmamaq şərti ilə müəyyən olunur və hesabat ilinin mənfəətindən formalaşdırılır. Bu normativin ləğv olunması kapital ehtiyatlarının formalaşmasında Mərkəzi Banka bir növ müstəqillik verir. Yeni normativin müəyyənləşdirilməsi isə Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətlərinə verilir".
Onun sözlərinə görə, ən mühüm dəyişiklik Mərkəzi Bankın kapital çatışmamazlığı yarandığı təqdirdə onun ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır: "Dəyişikliklərdən öncə qanunun 14-cü maddəsində belə bir müddə vardı ki, Mərkəzi Bankın aktivlərini onun passivlərinin məbləğindən aşağı düşdükdə, yaranmış capital çatışmazlığı dövlət tərəfindən ödənilirdi. Lakin hansı formada və necə ödənilməsi məsələsi açıq qalırdı. Təqdim olunan dəyişiklikdə isə qeyd olunur ki, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmamazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir. Bu isə daha çevik bir mexanizmdir".
Qanuna edilən dəyişikliklər komitə üzvlərinin müzakirələrindən sonra Milli Məclisin plenar iclasına tövsiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB