Milli Məclis Hesablama Palatasının illik hesabatını qəbul edib

Milli Məclis Hesablama Palatasının illik hesabatını qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı dinlənilib. SİA-nın məlumatına görə, palatanın sədri Vüqar Gülməmmədov deyib ki, hesabat ilində dövlət büdcəsi və büdcədənkənar həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirmək, həmçinin dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunan dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil etmək, aşkar edilən kənarlaşmaların aradan qaldırılması, eləcə də büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlamaq məqsədilə 2-si analitik təhlil olmaqla 82 nəzarət tədbiri həyata keçirilib.

V.Gülməmmədov deyib ki, hesabat ilində aparılan nəzarət tədbirlərinin nəticələri barədə məlumatlar Milli Məclisə təqdim olunub, cinayət əlamətləri ehtimal olunan 4 tədbirin nəticələri üzrə müvafiq materiallar Respublika Baş Prokurorluğuna göndərilib. Hesabat ilində 5 təşkilatda palata tərəfindən ilk dəfə olaraq nəzarət tədbiri həyata keçirilib. Nəticələri haqda kollegiya qərarı qəbul olunan 80 nəzarət tədbiri 126 qurumun (dövlət əsaslı vəsait qoyuluşları üzrə ayrı-ayrı layihələr nəzərə alındıqda 188) fəaliyyətini əhatə edib.

Hesablama Palatasının sədri qeyd edib ki, 2014-cü ildə aparılan audit tədbirləri zamanı qanunun tələbləri gözlənilmədən 294 mln. manat vəsaitin satınalma proseduru keçirilmədən xərc olunduğu müəyyən edilib: "Hər bir nəzarət obyektində rast gəlinən ikinci nöqsan vəsaitlərin təyinatı üzrə istifadə olunmamasıdır. Bu kimi tədbirlərlə yanaşı, 323,5 ştat vahidinin və 11 qrupun ləğvi təmin olunub. Ümumilikdə, bu ştat vahidləri və qrupların ləğv edilməsi ilə orta hesabla il ərzində 1,9 mln. manat əlavə vəsaitin istifadəsinin qarşısı alınıb".

V. Gülməmmədov tətbiq edilmiş tənbeh tədbirlərindən də danışıb: "Həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi olaraq, 2014-cü il ərzində 386 nəfərlə bağlı intizam-tənbeh tədbirləri görülüb. Bu tədbirlərin 44 faizi töhmət verilmə, 35 faizi xəbərdarlıq edilmə, 9 faizi vəzifə maaşının azaldılması, 6 faizi tutduğu vəzifədən azad edilmə, 4 faizi şiddətli töhmət verilmə olub. Qurumlar nəzarət tədbirlərinin nəticəsi kimi müəyyən edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirsə də, həmin nöqsan və çatışmazlıqların yaranmasına şərait yaradan vəzifəli şəxslərin cəzalandırılması və ya yetərli tədbirlərin tətbiq edilməməsi son nəticədə həmin qurumlarla yanaşı, digər qurumlarda da belə nöqsanların baş verməsi və təkrarlanması riskini yüksəldir. Ümumiyyətlə, Hesablama Palatası həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi üzrə bir sıra qurumlarda nöqsanlara yol vermiş vəzifəli şəxslərə qarşı tənbeh tədbirlərinin yetərli olmadığını hesab edir.

Hesabat müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə