Milli Məclis qanun layihəsini qəbul etdi

Milli Məclis qanun layihəsini qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, qanun layihəsi barədə danışan Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, qanun layihəsinə əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilir, onun həyata keçirilməsinə icazə verilir: "Həmçinin Nazirlər Kabinetinin 2015-ci il 16 fevral tarixli 39 nömrəli qərarı ilə Sazişdə iştirak edən Podratçılara verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri qəbul edilir və onların həyata keçirilməsi icazə verilir. Sazişin əsas mətninə edilmiş əlavə və bir qoşma qəbul edilir və onların da həyata keçirilməsinə icazə verilir. Bu qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Bu sazişlə hər iki şirkət öz qarşısında işgüzar, səmərəli və şəffaf iş görməklə bağlı öhdəliklər götürürlər. Sazişin müddəti üç dövrü əhatə edəcək - ilkin kəşfiyyat dövrü, əsas kəşfiyyat dövrü, işlənmə və hasilat dövrü: Podratçı şirkət tərəfindən təqdim olunmuş işlənmə və hasilat dövrü proqramı Dövlət Neft Şirkətinin təsdiqlədiyi tarixdən etibarən 23 il müddətinə təyin olunur. İşin gedişindən asılı olaraq, bu müddət bir az da uzadıla bilər".

V.Ələsgərov bildirib ki, Azərbaycan neft sahəsində bütün riskləri nəzərə alıb: "Bu baxımdan, BP şirkəti böyük təcrübəyə və texnikaya malik olduğuna görə Xəzər dənizinin Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatı ona həvalə olunur. Bununla bağlı nəzərdə tutulan bütün maliyyə hesabları da həmin şirkətin öhdəliyinə buraxılır. Bütün proses Dövlət Neft Şirkətinin nəzarəti və Azərbaycanın milli maraqlarının qorunması şəraitində aparılacaq. Əgər bu saziş çərçivəsində gözlənilən nəticə əldə olunarsa, Azərbaycan tərəfi öz üzərinə düşən maliyyə və digər məsələlərdən doğan öhdəlikləri qarşılayacaq".

V.Ələsgərovun sözlərinə görə, bu saziş Azərbaycanın yeni neft strategiyasının uğurlu davam etdirilməsinin göstəricisidir: "Azərbaycan istənilən beynəlxalq konvensiyaya qoşulduqda, istənilən mühüm sazişə imza atdıqda hər zaman öz milli maraqlarını qoruyur. Sözügedən sazişdə ətraf mühitin mühafizəsi də xüsusi diqqətdə saxlanılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə