Hüquqşünas: “Konstitusiya Məhkəməsinə müraciət olunmalıdır” AÇIQLAMA

"Mülki Məcəllənin 739-cu maddəsində və konstitutsiyanın 109-cu maddəsində vətəndaşların vəziyyətini ağırlaşdıran heç bir qanun qüvvəsi ola bilməz". Bu sözləri SİA-ya açıqlamasında Hüquq elmləri üzrə fəlsəfə doktoru Cavid Cəfərov deyib.

Onun sözlərinə görə problemli kreditlərlə bağlı qanunvericiliyin özündə də konkret problem açıq şəkildə göstərilir. Borc hər hansı valyuta ilə götürülərsə, onunla da ödənilməlidir: "Hazırda bu məsələ ilə bağlı yüksək səviyyədə hüquqşünaslarımız var ki, öz münasibətlərini bildirdilər. Kredit götürülən zaman, müqavilə bağlanmış məzənnə ilə ödənilməlidir. Yəni dollarla kredit götürülsə dollarla ödənməlidir. Əgər manatla götürülsə, onu dolların məzənnəsinə uyğun ödənilməsi qanunvericilik tələbinə ziddir. Məsələn bu mümkün deyil ki, hətta dollar 40-50 qəpiyə düşsə də banklar vətəndaşlardan borcu o hesabla götürsün. Ona görə də hesab edirəm ki, ziddiyyətlərin olmaması üçün Konstitusiya Məhkəməsi bu məsələ ilə bağlı öz fikrini bildirməlidir".

Cavid Cəfərov onu da vurğuladı ki, Konstitusiya Məhkəməsi qərar qəbul etməlidir ki, bu məsələyə aydınlıq gətirilsin: "Ali Məhkəmə və Appelyasiya Məhkəməsi hakimlərinə müraciət olunmalıdır ki, hər hansı bir qanunvericilikdə bütün məhkəmələr tərəfindən eyni söz təsdiqini tapsın. Bir məhkəmə bu cür, digər məhkəmə başqa cür qərar qəbul etməsin. Məhz bu məsələlərə aydınlıq gətirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə