“Darvin bankası”nda yeni özül quraşdırılacaq

“Darvin bankası”nda yeni özül quraşdırılacaq

"Abşeronneft" NQÇİ-nin sifarişi əsasında "Darvin bankası" yatağında yeni 790 nömrəli stasionar dəniz özülü quraşdırılacaq. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı "Neftqaztikinti" Trestidir. 14 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özüldə müasir qazma avadanlığı, 37 nəfərlik vaqon tipli yaşayış evləri, yükqaldırma qabiliyyəti 25 ton olan iki qaldırıcı kran, yanğından və korroziyadan mühafizə sistemləri, eləcə də digər zəruri avadanlıqlar quraşdırılacaq. Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə dizel elektrik generatorları yerləşdiriləcəkdir. İnşaat və istismar müddətində özüldə ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.

Qeyd edək ki, özülün tikintisinin 2015-ci ilin sonuna kimi başa çatdırılması planlaşdırılır. 790 nömrəli özüldən qazılacaq quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə