Novruz bayramı günlərində Astaranın daha bir yaşayış məntəqəsinə-Telman kəndinə təbii qaz verilməsi təmin olunub. SİA-nın Cənub bürosunun məlumatına görə, bu kənddə hətta sovet dövründə belə təbii qaz xətti çəkilməyib. İllərdən bəri arzusunda olduqları mavi qazın alovlanması Telman kəndinin sakinləri üçün əsl Novruz hədiyyəsi olub.
Martın 22-də rayon mərkəzindən 30 km uzaqda yerləşən Telman kəndində əsl bayram əhval-ruhiyyəsi yaşanıb. Mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev iştirak ediblər.
Telman kəndinə təbii qazın verilməsinə həsr olunmuş tədbiri Astara Rayon İcra Hakimiyyəti başçısının Pensər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elşad Axundov açaraq son illərdə respublikamızda və rayonda aparılan geniş abadlıq və quruculuq işləri barədə məlumat verib. Bildirib ki, Telman kəndində 314 təsərrüfat və 1500-ə yaxın əhali vardır. Bu gün kəndə təbii qazın verilməsi əhalinin bayram sevinclərinə əlavə rəng qatıb. Kənd sakinləri onlara göstərilən bu qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər. Kənd ağsaqqalları adından çıxış edən Qasım Həsənov gələn qonaqları salamlayaraq Novruz bayramı günündə kənd sakinlərinə sevinc bəxş etdiklərinə görə onlara dərin təşəkkürünü çatdırıb.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çıxış edərək Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamızda aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsindən ətraflı söhbət açıb. Vurğulayıb ki, möhtərəm Prezidentimizin tapşırığı ilə əhalinin təbii qazla təmin olunması sahəsində ölkə miqyasında işlər sürətlə aparılır. Bu il Telman kəndindən başqa rayonun daha 3 kəndinə təbii qaz verilməsi təmin ediləcəkdir.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev təbii qaz verilməsinə həsr olunmuş mərasimə gələn qonaqları salamlayaraq onlara minnətdarlığını bildirib. O qeyd edib ki, bu gün Telman kənd sakinləri üçün ikiqat bayramdır. Novruz bayramının ilk günlərində kənd sakinlərinin illərdən bəri həsrətində olduqları arzularına çatmaları böyük xoşbəxtlikdir. Təkcə son 2 il ərzində bu ərazidə müasir tələblərə cavab verən yeni məktəb binası tikilib istifadəyə verilib, asfalt yol çəkilib. Hazırda Telman kəndində yeni Çay fabrikinin tikintisi başa çatdırılır. Çay fabrikinin fəaliyyəti ilə əlaqədar yüzlərlə hektarda yeni çay plantasiyaları salınacaq, xeyli iş yeri yaradılacaqdır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Astara və astaralılara göstərdiyi diqqət və qayğının parlaq sübutudur.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev təbii qazın verilməsini bildirən məşəli alovlandırıblar.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB