Əli Məsimli: “Hökumətin 8-9 ay vaxtı var”

Əli Məsimli: “Hökumətin 8-9 ay vaxtı var”

"Azərbaycanda devalvasiya yeni situasiya yaratdığına görə, hökumət çox güman ki, bu istiqamətdə tədbirlər paketi hazırlayır". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli deyib.

Millət vəkili həmin tədbirlər paketində ictimai rəyi nəzərə almaqla, bəzi məqamların olmasını vacib hesab edir: "Birinci, bu il çox güman ki, dollar bahalaşmaqda davam edəcək, həm də neftin qiyməti əhəmiyyətli dərəcədə qalxmayacaq. Ona görə də birinci sualın mahiyyəti ondan ibarətdir ki, yeni situasiyada, yəni neftin aşağı qiymət səviyyəsində və dolların bahalaşdığı, eyni zamanda çox təəccüblü olsa da, rublun təzyiqinin artıdığı bir dövrdə siyasətində hansı dəyişiklikləri edib və inkişafa yol açacaq? İkinci, devalvasiyanın əhalinin müəyyən təbəqələrinə vurduğu ziyanın aradan qaldırılması üçün həmin paketdə hansı tədbirlər nəzərdə tutulub? Üçüncü, dollarla kredit alanların məsələsi açıq qalıb. Hər iki tərəf –dollarla kredit alan da, banklar da haqlıdır. Banklar da pis vəziyyətə düşsə, bankların da pulunun 50%-ə qədəri bilavasitə vətəndaşların əmanətləridir. Elə addım atmaq lazımdır ki, nə şiş yanmasın, nə də kabab. Ortaq məxrəcə gəlmək üçün hökumət hansı tədbirləri həyata keçirmək fikrindədir? Bu, çox vacibdir".

Ə. Məsimli qeyd edib ki, devalvasiyanın müsbət tərəfləridə var: "Əgər hökumət yaxın 8-9 ay ərzində müsbət şansdan istifadə etsə, itkiləri minimum endirmək mümkün olacaq. Əks halda qiymətlərin və xərclərin artması devalvasiyanın həmin sahədəki effektlərini azaldacaq. Ona görə də qarşıdakı 8-9 ayda bu istiqamətdə tədbirlərin görülməsi vacibdir. İdxalın qarşısını almaq və ixracı stimullaşdırmaq lazımdır. Sahibkarlara aşağı faizli kreditlərlə yanaşı, dövlət tərəfindən də əlavə vəsait ayrılmalıdır. Dövlət Neft Fondunun 2 milyardlıq vəsaiti məhz idxalı əvəz edən məhsulları istehsal edən, ixrac potensialını artıran sahibkarlara verilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə