Eyyub Hüseynov: “Nərə balığı məhv edilir” AÇIQLAMA

Eyyub Hüseynov: “Nərə balığı məhv edilir” AÇIQLAMA

"Xəzərin Azərbaycana aid olan hissəsində nərə balığının kəskin azalmasının birinci səbəbi qanunsuz ovla bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycanın bir neçə bölgəsində qanunsuz aparılan nərə balığının ovu, hətta paytaxtda da geniş şəkildə yayılıb. Belə ki, paytaxt bazarlarında nərə balığı kürünün satışını açıq şəkildə görmək mümkündür: "Dəfələrlə mətbuata xəbər vermişəm ki, Xaçmaz - Quba yolunda çoxlu sayda nərə balığı satılır. Üstəlik Xaçmazda, Nabran ərazisində səhər vaxtlarında qurulmuş torların çıxarılması müşahidə edilir. Bakıda isə, "Təzə Bazar" ərazisində nərə balığının kürüsü kütləvi şəkildə satılır. Hətta bu ərazidə satılan nərə balığının kürüsü marketlərə də ayaq açıb. Üzərində "Hacı Zeynalabdin Tağıyev adına Bank" yazılmış olan naməlum şüşə qablarda 150 qramlıq kürülər bazara çıxarılır. Bu əlbəttə birinci növbədə brokonerliklə bağlı olan bir məsələdir. Nərə balığının azalmasına səbəb düzgün, rasional istifadə olunmamasıdır".

AİB sədri vurğuladı ki, nərə balığının qanunsuz ovuna vətəndaşlar da göz yumur, Xəzər düzgün istifadə olunmur. Ölkənin bir neçə bölgəsində aparılan qanunsuz balıq ovlarına bələdiyyələr də ciddi nəzarət etməlidir: "Kiçik balıqların tutularaq satılması, kürünün məqsədyönlü istifadə olunmaması burada əsas rol oynayır. İnsanlar da çox təəssüflər olsun ki, Xəzər Dənizinə diqqətlə yanaşmırlar. Nərə balığı ilə bağlı ölkəmizin heç bir yerində vəziyyət normal deyil. Əksər yerlərdə nərə balığını rahat şəkildə almaq olar. Çünkü bu balıq növü kütləvi şəkildə ovlanır. Bakı – Salyan yolunun 80- ci kilometrliyində Xəzərin sahillərinə torlar qurulur və necə qaldı tutulur. Burada əhalinin də pis mövqeyi var. Çünkü bütün bunlara göz yumulur, bələdiyyələr də gərək lazımi iş aparsınlar. Xaçmaz zonasındakı məsələlər illər boyudur davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə