Kiçik və orta sahibkarlığın inkişafına dair seminar keçirilib

Kiçik və orta sahibkarlığın inkişafına dair seminar keçirilib

İqtisadiyyat və Sənaye Nazirliyi Avropa İttifaqının "Azərbaycanda büdcəyə dəstək proqramlarının əlaqələndirilməsi və tətbiqinə dəstək" layihəsi ilə birgə "Azərbaycanda biznes inkubatorları və kiçik və orta sahibkarlığın inkişafına dəstək" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Bakı Biznes Tədris Mərkəzinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları iştirak edib. Seminarda iştirakçılara Azərbaycanda Avropa İttifaqının büdcəyə dəstək yardım alətlərinin tətbiqi, "Regionların inkişafına dəstək Proqramı"nın məqsəd və hədəfləri, həmçinin biznes inkubatorlarının inkişafı sahəsində Azərbaycan və Avropa İttifaqının təcrübəsi barədə məlumat verilib, ölkədə biznes inkubatorların inkişafı istiqamətində görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "Azərbaycanda büdcəyə dəstək proqramlarının əlaqələndirilməsi və tətbiqinə dəstək layihəsi"nin icrasına 2013-cü ildə başlanılıb. Layihə çərçivəsində Azərbaycanda biznes inkubatorların inkişaf etdirilməsi, bu sahədə atılan addımların və fəaliyyətin əlaqələndirilməsi, habelə biznes inkubatorlarının inkişafında Avropa İttifaqının qabaqcıl təcrübəsinin ölkədə tətbiqi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə