Eyyub Hüseynov: “Saxta və yararsız malları bazara çıxardırlar” AÇIQLAMA
"Ölkədə cənab Prezidentin süni qiymət artımına qarşı apardığı mübarizə alqışlanır". Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, bəzi xaricdən gətirilən mallar qəsdən saxlanılaraq satılmır və dələduzluq halları baş verir: "Birmənalı şəkildə aparılan işlərə əhalinin razılığı bildirilir. Lakin çox təəssüflər olsun ki, əhalinin sosial müdafiəsinə yönəlmiş bu tapşırıqlar lazımi yerinə yetirilmir. Hətta istehsalçılar tərəfindən də problem mövcuddur. Məsələn, süd istehsalçısı bu gün mənə müraciət etdi ki, bazarda defisit yaranacaq. Çünki südün qablaşdırılmasında qablar xaricdən gətirilir və həmin qabları bizə vermirlər. Süd hazırda xarab olur, çənlərdə turşuyur, qab olmadığına görə nə edəcəyimizi bilmirik".
AİB sədri qeyd etdi ki, bəzi ticarətçilər ölkədə mal defisiti yaratmaq niyətinə düşüblər. Bunu aradan qaldırmaq üçün isə satdıqları mallara 30 – 40 faiz artım əlavə etmək istəyirlər: "İkinci tərəfdən defisit ortaya çıxır. Artıq malları getdikcə gizlədirlər, apteklərin bəziləri qəsdən bağlanılır və işlədilmir. Sanki istehlakçıları boykot etmək istəyirlər. Hansı ki, istehlakçı istehsalçını boykot etməlidir, lakin burada tərsinə vəziyyət yaranıb. Əlbəttə bu gün süni defisit yaradılır və bu defisitdən də istifadə edən insanlar saxta və yararsız malları bazara çıxardırlar. Sənaye mallarında böyük artım müşahidə olunur. Təqribi olaraq artım 30 – 40 faiz müşahidə olunmaqdadır. Lakin bizim əsas strategiyamız insanların ilkin istehlak mallarına nəzarəti gücləndirməkdir. Onu da qeyd edim ki, təəssüflər olsun ki, anormal hal bazarda müşahidə olunmaqdadır. Vətəndaşlar bununla bağlı bizə mütəmadi olaraq müraciət edirlər".
Eyyub Hüseynov ölkədə süni qiymət artımının qarşısının alınması üçün dövlət orqanları ilə birlikdə təmsil etdiyi qurumun da mübarizə apardığını vurğuladı: "Dövlət orqanları bununla bağlı iş aparırlar. Lakin istehlakçılar bundan tam yararlana bilmirlər. Süni qiymət artımı əsasən sənaye mallarında görünməkdədir. Kreditlə alınan mallarda böyük problemlərin olduğunu müşahidə edirik. Yumurta və yağın qiyməti ilə bağlı şikayətlər daxil olmaqdadır. Dövlət orqanları bununla bağlı lokal işlər görür, lakin ümumi mənada vəziyyət tam uyğunlaşdırılmamışdır. Təəssüf ki, istehsalçılar və satıcıların fikrinə görə, mal defisiti əmələ gələ bilər. Azad İstehlakçılar Birliyi çalışır ki, bu vəziyyət aradan götürülsün".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB