Vüqar Bayramov: "Türkmənistanın layihəyə qoşulması kifayət qədər vacibdir” AÇIQLAMA

Vüqar Bayramov: "Türkmənistanın layihəyə qoşulması kifayət qədər vacibdir” AÇIQLAMA

"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması Azərbaycan üçün əhəmiyyətlidir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması o mənada çox əhəmiyyətlidir ki, Azərbaycan özü də tranzit ölkəyə çevriləcək. Ölkəmiz qazın nəqlindən gəlir əldə edəcək: "Türkmənistan Cənub Qaz Dəhlizinə qoşulduğu halda Azərbaycan tranzit ölkə olur. Beləliklə Türkmənistan qazının da Cənub Qaz Dəhlizi, TANAP və TAP vasitəsilə Avropaya nəql edilməsi, həm Cənub Qaz Dəhlizi layihəsinin büdcə xərcinin daha qısa müddətdə çıxarılmasını mümkün edəcək. Həm də daha çox gəlir əldə etmək baxımından əhəmiyyətli olacaq. Eyni zamanda qeyd etmək istəyirəm ki, Azərbaycan tranzit ölkə olaraq Türkmənistan qazının Avropaya çatdırılmasından gəlir əldə edəcək. Bu baxımdan təbii ki, Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması kifayət qədər vacibdir. Həmçinin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından kifayət qədər önəmlidir. Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulmasını indiki məqamda müşahidə etdikdə görsənir ki, müəyyən çətinliklər olsa belə, əvvəlki dövrlə müqayisədə daha realdır. Bu, Türkmənistan tərəfinin sözügedən layihədə daha real iştirak edəcəyindən xəbər verir".

Ekspert həmçinin vurğuladı ki, əgər Avropanın maraqlarında dəyişiklik olsa, İranın da bu layihəyə qoşulması baş tutacaq. Avropa İraqın da bu layihəyə qoşulmasında maraqlıdır: "Cənub Qaz Dəhlizinə Türkmənistanla birlikdə Avropanın maraqlarında dəyişiklik olarsa İranın da qoşulması böyük maraq doğurur. Təbii ki, indiki məqamda qeyd etmək istərdim ki, hələ ki Xəzərin hüquqi statusu ilə bağlı anlaşma memorandumunun imzalanması məsələsi də müzakirə olunan məsələlərdən biridir. Birmənalı şəkildə Avropa Birliyinin yeni təstiq etdiyi enerji strategiyasında Cənub Qaz Dəhlizinə xüsusi önəm verilməsi və Türkmənistanın, xüsusilə İraqın bu layihəyə qoşulması ilə bağlı danışıqların aparılması və razılaşdırılması ondan xəbər verir ki, Avropa Birliyi sözügedən ölkələrin Cənub Qaz Dəhlizində iştirakında maraqlıdır və bunun reallaşmasına çalışacaq. Bu isə təbii ki, Azərbaycanın maraqlarına uyğundur. Cənub Qaz Dəhlizinin, hansı ki, Azərbaycanın iştirakı ilə reallaşan bu layihənin daha da rentabelli olmasına imkan verəcək. Bu da ona imkan verəcək ki, Azərbaycan şərqi Avropa regionunda əsas söz sahibi ölkələrdən birinə çevrilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə