Mənsur Bərxudarov: “Layihələr ancaq Azərbaycan vasitəsilə həyata keçirilə bilər” AÇIQLAMA

Mənsur Bərxudarov: “Layihələr ancaq Azərbaycan vasitəsilə həyata keçirilə bilər” AÇIQLAMA

"Avropa Komissiyası tərəfindən qəbul edilmiş Avropa Enerji İttifaqının yaradılması strategiyası ümumiyyətlə Avropa İttifaqının ümumi enerji strategiyasının müasir mərhələsində qarşıya qoyduğu hədəfləri əks etdirir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Mənsur Bərxudarov deyib. Onun sözlərinə görə, Avropa şərqə doğru genişlənməyə başladıqca enerji təhlükəsizliyi məsələsi daha da artıb. Avropa Enerji İttifaqının yaradılması isə Avropada enerjinin qiymətinin sabit saxlanılmasında mühüm rol oynayacaq: "Avropa İttifaqının enerji strategiyası daha çox 90-cı illərdə aktuallaşmağa başlamışdı. Avropanın enerji təhlükəsizliyi özünün daxili enerji bazarının yaradılması təhlükəsizliyin təmin edilməsi, yeni enerji mənbələri, alternativ enerji mənbələrinin yaradılması və digər məsələlər hələ o vaxtdan ortaya qoyulmuşdu. Avropa o vaxtdan başlayaraq bu günə qədər şərqə və cənub – şərqə doğru genişlənməyə başlayıb. Avropa İttifaqının 15 – 20 il bundan öncə öz enerji təminatında təhdidləri az idisə, onun şərqə doğru genişlənməsi prosesində enerji təhlükəsizliyinə təhdid get-gedə kəskinləşir. Bu gün Avropa İttifaqına daxil olan bütün ölkələrin Rusiyadan enerji asılılığı mövcuddur. Rusiyadan enerji asılılığının gələcəkdə azaldılması üçün və ümumiyyətlə Avropanın daxili enerji resrursları bazarının təhlükəsizliyinin təminatı üçün bu strategiya qəbul olunub. Əsas məqsəd odur ki, Avropada daxili qiymətlər, yəni enerji resurslarının qiymətləri Avropa Enerji İttifaqından keçməmiş neft tədarükçüləri ilə müqavilə qüvvəyə minməsin. Amma Avropa Enerji İttifaqı qiymətləri qəbul etdikdən sonra, artıq enerji satıcıları Avropa İttifaqı ölkələrinə həmin razılaşdırılmış qiymətlərlə nefti və qazı sata bilərlər. Bu daha çox son dövrdə Avropaya qaz idxalı ilə bağlıdır".

Ekspert Rusiyanın baha başa gələn Türk Axını layihəsinə toxunaraq qeyd etdi ki, Cənub Qaz Dəhlizi aktuallığını qoruyub saxlayacaq. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu daha da artacaq: "Rusiyanın Cənub Qaz Axınını (Türk Axını) həyata keçirməsində hələ çox böyük problemlər var. Ona görə də, Rusiyanın Türk Axını baş tutmadığı halda, Cənub Qaz Dəhlizi layihəsi daha da aktuallaşacaq. Bu layihə aktuallaşdıqda da Azərbaycanın Türkmənistan qazını nəql etdirməsi məsələsi ortaya çıxır. Yəni Avropanın qaza olan təminatında Cənub Qaz Dəhlizi aktuallaşacaq. Məlum olduğu kimi, bu mövqeydə Azərbaycanın rolu daha da artacaq. Azərbaycan üçün yeni üfüqlər açılacaq. Avropanın enerji təhlükəsizliyində qazla təminatında Azərbaycanın tutduğu yer daha da möhkəmlənəcək və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində qaza olan tələbatının ödənilməsində rolu getdikcə artacaq".

Mənsur Bərxudarov gələcəkdə Türkmənistan qazı ilə birlikdə İraq qazının da Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində nəql edilə biləcəyini də ifadə etdi. Vurğuladı ki, belə olduğu halda şərqi Avropa ölkələrinə geniş enerji şəbəkələndirməsi həyata keçiriləcək: "Burada söhbət təkcə Azərbaycanın qaz resursundan getmir. Bildiyimiz kimi, "Şahdəniz 2" layihəsi həyata keçirildikdən sonra 11 milyard dollarlıq civarında olan bu layihə artıq reallaşdırılacaq və bundan sonra potensial imkan olaraq gələcəkdə Avropa İttifaqına 40 milyard kubmetr Türkmənistan qazını, perspektivlər olduğu halda İraq qazının da bu layihə çərçivəsində reallaşdırılması nəzərdə tutulur. Bu o deməkdir ki, Avropa İttifaqı, hansı ki onlar tərəfindən Avropa Enerji İttifaqı yaradılıb, bu layihələr onların proqramında, gələcək fəaliyyətində diqqət mərkəzində olacaq. Bu da Azərbaycanın milli iqtisadi maraqlarına tam uyğun gələn məsələdir. Azərbaycanın geo – iqtisadi mövqeyi elədir ki, gələcəkdə Cənub Qaz Dəhlizi vasitəsilə ixrac olunan bütün qaz resursları ancaq Azərbaycan vasitəsilə həyata keçirilə bilər. Həmçinin Türkmənistan qazına İraq qazı da qoşularsa gələcəkdə qazı Yunanıstandan keçməklə şərqi Avropa ölkələrinə qədər şəbəkələndirmək mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə