Azərbaycanda yeni qida standartı

24 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Kodeks Alimentarius Milli Komitəsinin 2015-2017-ci illlər üçün Fəaliyyət Planı və qida məhsulları standartlarının müzakirəsi ilə bağlı iclas keçirilib. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda Komitə mütəxəssisləri ilə yanaşı, Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri çıxış edərək dünyanın inkişaf etmiş ölkələrində qida təhlükəsizliyinin ən vacib amillərdən biri olduğunu bildiriblər. Çıxışçılar qida məhsulları standartları sırasında Kodeks Alimentarius standartlarının vacibliyini xüsusi vurğulayaraq bu sənədlərin ölkəmizdə tətbiqi imkanları haqqında fikir bildiriblər.

Sonra yeni hazırlanmış AZS CODEX STAN 310-2014 "Nar", AZS CODEX STAN 87-2014 "Şokolad və şokolad məmulatları", AZS CODEX STAN 152-2014 "Buğda unu", AZS CODEX STAN 279-2014 "Kərə yağı", AZS CODEX STAN 33-2014 "Zeytun yağı və cecələrdən çəkilmiş zeytun yağı", həmçinin "Qida məhsulları. İstehlakçı üçün məlumat. Ümumi tələblər", "Qida gigiyenasının ümumi prinsipləri-tövsiyyə edilən beynəlxalq kodeks" standart layihələri və Milli Komitənin 2015-2017-ci illlər üçün Fəaliyyət Planı müzakirə edilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 iyul 2010-cu il tarixli Sərəncamına əsasən, yeyinti məhsullarına dair Codeks Alimentarius, İSO, HACCP, Avropa İttifaqı standartlarının milli standartlar sisteminə daxil edilməsi sahəsində müvafiq tədbirləri Codeks Alimentarius Komissiyasının tövsiyələri ilə əlaqələndirmək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə edilib.

Bundan irəli gələrək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2 avqust 2010-cu il tarixli Əmr ilə Codeks Alimentarius Komissiyasının standartlarının milli standartlar sisteminə daxil edilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə Kodeks Alimentarius Milli Komitəsi yaradıb, Kodeks Alimentarius Milli Komitəsinin Əsasnaməsi təsdiq edilib.

Milli Komitə Codeks Alimentarius Komissiyasının tövsiyyələrinə uyğun olaraq, yeyinti məhsulları üzrə standartların Azərbaycan Respublikasında tətbiqinə dair dövlət hakimiyyəti orqanları və qeyri-hökümət təşkilatları tərəfindən həyata keçirilən fəaliyyətləri əlaqələndirən məşvərətçi orqandır.

Bütün xəbərlər Facebook səhifəmizdə