Vahid Əhmədov: “Qazlarını bizdən öncə Avropaya çıxarmaq istəyirlər” AÇIQLAMA

"Cənub Qaz Dəhlizi Azərbaycan üçün çox əhəmiyyətli bir layihədir. 1994-cü ilin Sentyabrında imzalanan əsrin müqaviləsi 20-ci əsrin sonunda necə əhəmiyyət kəsb edirdisə, bu layihə də 21-ci əsrdə həmin əhəmiyyəti daşımaqdadır". Bu sözləri SəsTv-yə açıqlamasında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan qazının Avropa Cənub Qaz Dəhlizi vasitəsilə ixracından öncə Rusiya öz qazını Türkiyə vasitəsilə ixrac etməyi düşünür: "Burada 45 milyard dollara yaxın sərmayenin qoyulması ilə bağlı söhbət gedir, lakin əsas məsələ bu müqavilənin Azərbaycanın iqtisadi müstəqilliyi üçün bir qarant olması, Azərbaycanın iqtisadiyyatını yüksəltmək və daimi olması üçün yüksək əhəmiyyət kəsb edir. Bu layihə imzalanandan sonra Türkiyə dövləti ilə Rusiya arasında Türk Axını layihəsi imzalandı və Rusiya qazının Türkiyə vasitəsilə Avropaya çıxarılması planı üzərində hazırda iş gedir. Yəni onlar çalışırlar ki, bizim qazımızdan öncə öz qazını Avropaya çıxartsınlar".

Vahid Əhmədov qeyd etdi ki, cənab Prezident Davosda bütün şirkətləri Cənub Qaz Dəhlizi məsələsinə cəlb etmək məqsədilə çıxış etdi. Bununla bağlı artıq işlər aparılır: "Bu yaxınlarda cənab Prezident daha bir uğurlu addımı ataraq, Davosda bu barədə öz məruzəsini verdi və o cümlədən maraqlı dövlətləri və şirkətləri Azərbaycana dəvət etdi. Azərbaycanda qərar qəbul olundu ki, tez bir zamanda bu şirkətlərin hamısı bu işlərlə çox ciddi məşğul olsunlar və Azərbaycan qazını Avropaya çıxartmaq üçün heç bir problem yaranmasın. Bu bizim üçün çox əhəmiyyətli bir layihədir və mənə elə gəlir ki, bu layihə vaxtında yerinə yetiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə