447,4 milyon manatlıq məhsul istehsal olunub ŞİRVANDA

447,4 milyon manatlıq məhsul istehsal olunub ŞİRVANDA

Fevralın 17-də Şirvan Şəhər İcra Hakimiyyətində 2014-cü ilin yekunu və cari ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib.

Sonra tədbir iştirakçıları şəhərdə istehsal olunan sənaye məhsulları sərgisinə baxıblar.

Hesabat yığıncağındakı məruzə və çıxışlarda qeyd olunub ki, 2014-cü ildə Şirvan şəhərində 447,4 milyon manatlıq məhsul istehsal olunub. Bu da 2013-cü illə müqayisədə 8 faiz çoxdur. İstehsal sahəsində məhsulun həcminin 75,1 faizi sənaye məhsulunun payına düşüb. Bu məhsulun 42 faizi dövlət, 58 faizi isə qeyri-dövlət müəssisələri tərəfindən istehsal edilib. Hesabat dövründə 290 min ton neft, 10 milyon kubmetr qaz, 5 milyard 325 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub və 58,9 faiz artım qeydə alınıb.

Tikinti müəssisələri tərəfindən 44,8 milyon manatlıq iş həcmi yerinə yetirilib ki, bu da 2013-cü illə müqayisədə 23,9 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyalar 17,3 milyon manat təşkil edib. Əhaliyə, müəssisə və təşkilatlara 1,3 milyon manatlıq rabitə xidməti göstərilib. Avtomobil nəqliyyatı sahəsində il ərzində 424 min ton yük, 27 milyon nəfər sərnişin daşınıb. Şəhərdə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı əvvəlki ilə nisbətən 6,9 faiz çox - 376,6 manat olub.

Hesabat ilində "Araz" zavodunda tikinti-quraşdırma işləri uğurla davam edib, yeni istehsal sahəsi istifadəyə verilib.

Vurğulanıb ki, ötən il ərzində Şirvan şəhəri üzrə dövlət büdcəsi gəlirlərinə dair proqnoza artıqlaması ilə əməl edilib, büdcəyə nəzərdə tutulduğundan 87,4 min manat çox vəsait daxil olub.

2014-cü ildə şəhərdə və Bayramlı qəsəbəsində abadlaşdırma, tikinti-quruculuq işləri davam etdirilib. Hazırda Heydər Əliyev Fondunun xətti ilə M.Ə.Rəsulzadə küçəsində 100 yerlik körpələr evi-uşaq bağçası üçün tikilən binada son tamamlama işləri aparılır. Heydər Əliyev parkında abadlıq işləri başa çatdırılıb. Bayramlı qəsəbəsində qəzalı vəziyyətdə olan ikimərtəbəli 12 mənzilli yaşayış binası sökülüb, yerində yeni ikimərtəbəli 12 mənzilli bina inşa olunaraq sakinlərin istifadəsinə verilib.

Hesabat dövründə ölkəmizin ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi uğrunda əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hər biri üçün 300 kvadratmetrlik torpaq sahəsi olan, 3 otaqlı 7 fərdi evin tikintisinə başlanılıb.

Yığıncaqda əhalinin ərizə və müraciətlərinə baxılmasından da danışılıb, bu sahədə işlərin qənaətbəxş olduğu vurğulanıb.

Hesabat yığıncağında, həmçinin mövcud nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə