Vüqar Bayramlı: “Azərbaycan özünü iqtisadi durğunluqlardan sığortalayıb”
"Azərbaycanda yaxın gələcəkdə iqtisadi böhran riski ilə bağlı hər hansısa bir təhlükə gözlənilmir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında böhranın müşahidə edildiyini söyləmək doğru deyil və bu birmənalı şəkildə qərəzli yanaşmadır: "İndiki halda Azərbaycan dövlət büdcəsinin gəlirləri ilə bağlı öhdəlikləri yerinə yetirir və bu məsələnin formalaşdırılmasında heç bir çətinlik yoxdur. O cümlədən dolların təzyiqlərinə baxmayaraq, manatın məzənnəsi stabil olaraq qalmaqdadır. Nəzərə alsaq ki, Azərbaycanda dövlət rezervinin həcmi 50 milyard dollara yaxındır, bu, bütövlükdə ümum daxili məhsulun 67%-ni təşkil edir. Azərbaycanın xarici borcu ÜDM-un cəmi 8%-i təşkil edir yəni bu o deməkdir ki, Azərbaycanın dövlət rezervi onun xarici borcundan 8 dəfə çoxdur. Yəni tam əminliklə demək olar ki, Azərbaycan praktiki olaraq özünü baş verə biləcək bütün qlobal və regional böhranlardan sığortalaya bilib. Nəzərə almaq lazımdır ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsi fonunda neft satışından əldə ədilən gəlirlərin müşahidə olunması təkcə Azərbaycanda deyil, bütövlükdə neft ölkələrində də müşahidə olunan bir prosesdir. Dövlət rezervlərinin həcmi, həmçinin xarici borcun ÜDM-dan dəfələrlə az olması, qeyri-neft sektorunun payının ÜDM-da 2015-ci ildə 65%-ə qədər yüksəlməsi əslində Azərbaycan hökümətinin xeyli müddət öncədən hazırda dünya bazarında neftin qiymətinin düşməsi prossesinə hazırlaşmasından xəbər verir. Bu səbəbdən də Azərbaycan vətəndaşı neftin qiymətinin düşməsini hiss etmir. Aksiz markalarının artırılması iqtisadi baxımdan idarə edilə bilən bir addımdır. Bu məsələ sadəcə spesifik olaraq müəyyən şəxslər tərəfindən istehsal edilən spirtli içki və tütün məhsullarına şamil edilən bir addımdır. Həmin aksiz markalarının artırılması Azərbaycanda əhalinin sosial vəziyyətinə heç bir təsir göstərə bilməz. Bu, sadəcə spirtli içkilərdən və tütün məmulatlarından istifadə edən şəxslərin gündəlik xərcinə müəyyən dərəcədə təsir edə bilər. 2015-ci ilin yanvar ayından aksiz vergilərinə edilən dəyişikliklərə diqqət yetirsək görərik ki, tətbiq edilən vergi dəyişiklikləri əhalinin sosial vəziyyətinə heç bir təsir göstərməyib.
Ümumiyyətlə 2015-ci ildə Azərbaycan iqtisadiyyatında hər hansısa bir durğunluq gözlənilmir, proqnozlaşdırılmır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasət bir daha təsdiq edir ki, Azərbaycan özünü bütün qlobal və regional iqtisadi durğunluqlardan tam şəkildə sığortalayıb. Hətta bu sığortlanma nəticəsində demək olar ki, nəinki 2015-ci ildə, hətta gələcək bir neçə ildə də baş verə biləcək hər hansısa bir sosial böhran Azərbaycana heç bir təsir göstərməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB