Daha bir qanuna dəyişiklik edildi

Azərbaycan Prezidenti İlham Əliyev "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə