İlham Şaban: “Rəsmi Brüssel SOCAR-la bağlı Afinaya xəbərdarlıq edib” AÇIQLAMA
"Yunanıstanda radikal solçular seçkilərdə hakimiyyəti ələ aldıqdan sonra, hökumət başçısı elan etdi ki, DESFO şirkəti heç vaxt özəlləşdirilməyəcək". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Onun sözlərinə görə, SOCAR və DESFA arasında razılaşma hələ 2013-cü ildə əldə edilmişdi. Daha sonra isə Avropa Komissiyası bu iki şirkət arasında razılaşmaya qarışaraq, bəzi məsələləri araşdırmaq istəyib: "Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2013-cü ilin yayında Yunanıstanın qaz paylayıcı şirkəti DESFA-nın 66%-nə sahib olmaq üçün bu ölkə qurumlarının keçirdikləri rəsmi tenderin qalibi elan edildi. Elə həmin ilin sentyabrında da müvafiq sənədlər imzalandı. Artıq 2014-cü ilin ilk rübündə SOCAR idarəetmə funksiyasını həyata keçirməyə başlamalı idi. Ancaq məsələ uzandı və bu günədək uzanır. Belə ki, məsələyə Avropa Komissiyası qarışaraq müəyyən məsələlərin araşdırılmasını istəmişdi. Belə görünür ki, hələ də bu araşdırma yekunlaşmayıb və son məlumatlara görə, cari rübün sonu və ya aprelin əvvəlinə qədər DESFA ilə rəy bildirilməlidir".
Ekspert qeyd edib ki, Yunanıstanın DESFA şirkəti qaz paylayıcı deyil, magistral şirkətdir. Yeni hökumət isə bu şirkətin özəlləşdirilməsinə qarşıdır. SOCAR-la bu şirkətin gələcəyi isə Avropa Komissiyasının qərarından asılıdır: "Bu şirkət Yunanıstanın magistral qaz kəmərləri şirkətidir. Yəni qaz paylayıcı şirkət deyil. Onun 65 faizini Yunanıstan hökuməti özəlləşdirmək istəyirdi. Onların məqsədi özəlləşdirmədən gələn vəsaiti öz borclarının qaytarılmasına yönəltmək idi. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti isə DESFA-nın özəlləşdirilməsində iştirak edirdi. Yeni hökumət başçısı isə qeyd edir ki, DESFA-nın özəlləşdirilməsi Avropa Komissiyasının çıxardığı qərardan asılı olacaq. Yeni hökumət bu məsələ ilə bağlı müsbət addım atmır".
İlham Şaban Yunanıstanın gələcəyi ilə bağlı fikir ayrılıqlarına da toxundu. Vurğuladı ki, hazırda problemləri həll etmək üçün yeni hökumət Rusiya ilə yaxınlaşmaq istəyir. Rəsmi Brüssel isə bu məsələ ilə bağlı Afinaya xəbərdarlıq edib: "Yeni hökumət isə Avropa Mərkəzi Bankından və Beynəlxalq Valyuta Fondundan borc almaq istəmir. Maraqlıdır, onda nəyin hesabına və necə problemlərini həll edəcək? Bəlkə rəğbət bəslədiyi Rusiya ilə işbirliyi hesabına? Artıq buna görə rəsmi Brüssel Afinanı xəbərdar edib. Bəlkə yenə adaların satışı hesabına? İstənilən halda bir şey bəllidir ki, Yunanıstanın problemləri populist şüarlarla hakimiyyətə gəlmiş hökumətin işidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB