İlham Şaban: “Yanvar ayı üçün verilən proqnozların hamısı yalan çıxdı” AÇIQLAMA
"Artıq yanvar ayının bitməsinə 5 gün qalır. Dünyada heç bir analitik mərkəz, heç bir bank və maliyyə qurumunun yanvar ayı üçün proqnozları özünü doğrultmadı". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. O bildirib ki, Neftin yanvar ayı üçün proqnozu özünü doğrultmayıb. Belə ki, 57 – 60 dollar arasında proqnozlaşdırılan neftin qiyməti hazırda 49 dollar təşkil edir: "Keçən ilin noyabr ayında və dekabrın əvvəlində neftin qiyməti ilə bağlı yanvar ayı üçün verilən proqnozların hamısı yalan çıxdı. Çünkü yanvar ayı üçün verilən proqnozlarda neftin qiyməti 57- 60 dollar arasında göstərilmişdi. Yanvar ayı üçün Brent markalı neftin orta qiyməti 49 dollar olacaq. Faktiki olaraq 25 günün orta qiyməti 49 dollar ətrafında cərəyan edir. Demək olar ki, verilən proqnozları ortalama götürsək 8 dollar aşağı bir qiymət həddi alınır. Bu onu göstərdi ki, 2015-ci il üçün verilən proqnozlar elə ilin başlanğıcından düz başlamadı. 2015-ci il üçün hələlik bütün bankların, enerji agentliklərin proqnozunun orta qiyməti 57,5 dollardır. Reallıqda bu qiymət necə olacaq bunu indidən demək mümkün deyil. Böyük şirkətlərin hamısı büdcə proqnozlarını 60 dollar və aşağı qiymətlərlə götürərək layihələrini həyata keçirirlər".
Ekspert həmçinin Azərbaycanda da neftdən gələn gəlirlərin azalmasına toxunaraq qeyd etdi ki, neft multieffekt təsirə malik bir sahədir. Bu sahədən gələn gəlirlərin azalması həm tikinti, həm də ticarətə mənfi təsir göstərə bilər: "Azərbaycan dövlət büdcəsi 90 dollarla hesablanıb. Bu qiymətlə büdcəmiz hazırda 1,7 milyard manat kəsirdədir. Sadəcə neft şirkətlərinin büdcəyə ödəmələri təqribən 600 milyon manat azalıb. Çünkü hər 10 dollar neftin qiymətinin aşağı düşməsi, büdcəyə neft sektorundan gəlirlərin 200 milyon manat aşağı düşməsi deməkdir. Bu ancaq neft sektoru üzrədir. Digər məsələ neft sektoru multieffekt yaradan sahədir. Ümumdaxili məhsulda sənayedən sonra ikinci sahə tikintidir, üçüncü isə ticarətdir. Əgər neft sektorundan gələn vəsaitlər qənaətlə xərclənirsə, təbii ki tikinti sektorunda layihələr azalacaq, bu da işçilərin sayını azaldacaq. Üçüncüsü, ticarətin dövriyyəsi azalırsa bütün bunlar büdcəyə gəlirləri azaltmış olacaq. Bütün bunları günümüzdə hesablamaq mümkün deyil. Müəyyən multieffekt təsirlərlə tikinti və ticarətin azalması 1 milyard manata yaxın vəsaitin büdcəyə daxil olması azalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB