Vüqar Bayramov: “Bu məsələ Azərbaycanla Türkiyə arasında enerji əməkdaşlığına mənfi təsir edəcək” AÇIQLAMA

Vüqar Bayramov: “Bu məsələ Azərbaycanla Türkiyə arasında enerji əməkdaşlığına mənfi təsir edəcək” AÇIQLAMA

"Bir sıra hallarda bəzi məsələlər qərb dairələrini və Ermənistanı birmənalı şəkildə narahat edir. Nəzərə almaq lazımdır ki, Türkiyə və Azərbaycan arasında bir yerdə həyata keçirilən regional layihələr, onların müdafiəsi ilə bağlı atılan hər hansı addımlar birmənalı şəkildə məhz Ermənistan tərəfindən heç də yaxşı qarşılanmır". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. O bildirib ki, Türkiyə - Azərbaycan – Gürcüstan yaxınlaşması qərbin bəzi ölkələri tərəfindən, o cümlədən Ermənistan tərəfindən qısqanclıqla qarşılanır. Bakı – Tbilisi – Qars dəmiryolu xəttinin inşasında belə qərb ölkələri və Amerika bir sıra çətinliklər törətmək istəsələr də Azərbaycan prezidentinin siyasi iradəsi sayəsində bu layihə həyata keçirilidi və bu gün Ermənistan isə bu layihədən kənarda qaldı: "Sözsüz ki, Türkiyə və Azərbaycan prezidentlərinin son görüşündə Ermənistanı, eləcə də qərbin bir sıra dairələrini narahat edəcək və ya həmin dairələri qıcıqlandıracaq addımlar atılıb. Bakı - Tbilisi - Qars dəmir yolunun istifadəyə verilməsi ilə bağlı müzakirələr bunlardan biridir. Bakı - Tbilisi - Qars dəmiryolu xəttinin inşası başlamamışdan öncə, bir çox qərb dairələri həmin dəmiryolu xəttinin Ermənistandan keçmədiyinə görə narazılığına səbəb olmuşdu. O zaman Amerika Birləşmiş Ştatlarının İxrac-İdxal Bankı (US ExIm), o cümlədən Fransanın İxrac - İdxal Bankı layihə Ermənistandan keçməyəcəyi təqdirdə həmin layihənin maliyyələşdirilməsi ilə bağlı bir çox ölkənin maliyyə və bank qurumlarına qadağalar müəyyənləşdirmişdi. Bu da hələ o zaman onu göstərirdi ki, təəssüf ki qərb regionda xüsusən Azərbaycan, Gürcüstan və Türkiyə yaxınlaşmasına heç də birmənalı baxmır. O zaman təbii ki, bu tip addımların atılmasına baxmayaraq, eyni zamanda qərb dairələrinin qısqanc yanaşmasına baxmayaraq Bakı – Tbilisi – Qars dəmiryolunun reallaşması ilə bağlı qərar qəbul edildi. Hətta dəmiryolunun inşası zamanı Azərbaycan dövləti Gürcüstan tərəfinə kredit də təklif etdi və verdi. Qeyd etmək lazımdır ki, Bakı – Tbilisi – Qars dəmiryolu xəttinin reallaşması birmənalı şəkildə Azərbaycan prezidentinin siyasi iradəsi nəticəsində baş verdi. Ölkə prezidentinin dəfələrlə qeyd etdiyi kimi Ermənistan işğalçı siyasətini davam etdirirsə düşmən ölkənin layihələrdən kənarda qalması siyasəti davam etdiriləcək. Təbii ki, bu kifayət qədər strateji və düşünülmüş bir addımdır. Artıq dəmiryolu xəttinin inşası başa çatır. 2015-ci ilin sonunda istifadəyə veriləcəyi gözlənilir. Məhz qərbin bəzi ölkələri və Ermənistan bunu qısqanclıqla qarşılayacaq".

Vüqar Bayramov qeyd etdi ki, Ermənistan hesab edirdi ki, Türkiyə və Rusiya arasındakı enerji əlaqələri qardaş ölkənin Azərbaycanla strateji əlaqələrinə mənfi təsir göstərəck. Lakin bu belə olmadı: "Digər əsas məqam isə ondan ibarətdir ki, Türkiyə və Azərbaycan arasındakı strateji anlaşmada, xüsusən enerji məsələsində Ermənistandakı bəzi dairələr güman edirdilər ki bu iki ölkə arasında bəzi çətinliklər olacaq. Rusiyanın Türkiyə axınını təklif etməsindən sonra Ermənistanda ümid edirdilər ki, bu məsələ Azərbaycanla Türkiyə arasındakı enerji əməkdaşlığına mənfi təsir göstərəcək. Amma təbii ki bu baş vermədi. İki ölkə rəhbərliyi bir daha bəyan etdi ki, Azərbaycanla Türkiyə strateji olaraq əməkdaşlığını davam etdirəcək. Strateji əməkdaşlıq hər iki ölkənin prioritet hesab etdiyi məsələlərdən biridir. Görüşün fərdi hissəsindəki siyasi məqamlar da Ermənistanı narahat edir. Bu gün regionda baş verənlər gözlənilənlərin əksinə Azərbaycanın regionda mövqeyinin güclənməsinə gətirib çıxarıb. Azərbaycanın strateji və balanslaşdırılmış xarici siyasəti imkan verir ki, ölkə regiondakı həm iqtisadi, həm də siyasi üstünlüyü qoruyub saxlasın. Bu gün Avrasiya İttifaqının üzvü olan Ermənistan ciddi şəkildə narahatdır. Ermənistanın narahat olması və bu səfərə qısqanc yanaşması başadüşüləndir. Strateji görüş və əməkdaşlıq iki ölkənin nəinki orta müddətli, hətta uzunmüddətli dövrdə belə stratejik əməkdaşlıq konturlarının yüksəlməsinə xidmət etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə