Rasim Həsənov: “Neftin həlledici rolu getdikcə azalır” AÇIQLAMA
"Neftin qiymətinin dəyişilməsi məsələsi iqtisadçı alimlər və praktiklər arasında son dövrlər çox müzakirə olunan bir məsələdir. Bəzi iqtisadçılar hesab edirlər ki, neftin qiymətinin aşağı düşməsi bir fəlakətdir və sonu hamı üçün pis bir nəticəyə gəlib çıxacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rasim Həsənov deyib. O bildirib ki, neftin qiymətinin dünya bazarında aşağı düşməsi çox ciddi dəyişikliyə gətirib çıxarmayacaq. Yaxın keçmişdə neftin qiymətinin kritik düşdüyü bir vaxtı yaşamışıq, hazırda isə geosiyasi dəyişikliklər baş verir: "Bizim ən yaxın keçmişimizdə, cəmi 15- 16 il bundan əvvəl neftin bir barrelinin qiymətinin 7-8 dollar olduğu bir dövrü yaşamışıq. Sadəcə bu gün dünya iqtisadiyyatında çox ciddi dəyişikliklər gedir. Dünya iqtisadiyyatının strukturu, iqtisadiyyatda dəyərlərin dəyişməsi, elmi –texniki tərəqqinin təsiri, geosiyasi mübarizənin təsiri ilə böyük dəyişikliklər baş verir. Hazırda bu dəyişikliklər dövründə yaşayırıq. Bunun gələcəkdə necə fəsadlar törədəcəyi, müsbət və ya mənfi olacağı haqqında indidən adekvat fikir söyləmək heç də mümkün deyil".
Ekspert qeyd etdi ki, bu gün neftin qiymətinin dünya bazarında aşağı düşməsi iqtisadçıları gələcək haqqında negativ düşünməyə vadar edir. Bunun əsas səbəbi son dövrlər dünyada formalaşmış qiymətlər proporsiyasında neftin həlledici amil olmasıdır: "Bu söylənən fikirlərin, hansı isə ölkələrin iqtisadiyyatının daha da pis olacağı ilə bağlı deyilən sözlərin kökündə dayanan əsas məsələ ondan ibarətdir ki, son dövrlər dünyada formalaşmış qiymətlər proporsiyalar sistemində neft həlledici amil olmuşdur. Amma inkişaf göstərir ki, neftin həlledici rolu getdikcə azalmaqdadır. Bu daha da azalacaq və dünya iqtisadiyyatında yeni bir şərait yaranacaq. Yəni bu gün neftin qiymətinin düşməsi ilə gələcəyə yönəlik bədbin fikirlərə düşmək, o qədər də düzgün yol deyil. Qiymətlərinin aşağı düşməsinin dünyada böyük bir fəlakət yaradacağı fikrindən uzağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB