Müslim İbrahimov: “Aqroparkların yaradılması önəmli məsələdir” AÇIQLAMA
"Ölkəmizdə qeyri- neft sektoruna xüsusi önəm verilir. Yəni qeyri- neft sektorunun gəlirləri aşağı düşməməlidir. Bu, birinci növbədə 2015-ci ildə iqtisadiyyatın güclülüyünün göstəricisi olacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Müslim İbrahimov deyib.
O bildirib ki, 2015-ci il dünyanın bir çox ölkəsi üçün iqtisadi cəhətdən çətin olacaq. Lakin Azərbaycanda qeyri –neft sektoruna, xüsusilə də kənd təsərrüfatı sahəsinə diqqətin artırılması ilə bu vəziyyətdən problemsiz çıxmaq olar: "Cənab prezidentin yanvarın 10-da keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ifadələrindən başa düşülür ki, 2015-ci il çətin il olacaq. Ölkəmizdə də gəlirlərin aşağı enməsi proqnozlaşdırılır. Aqrar sektorda prezidentimiz əsas olaraq ərzaq təhlükəsizliyi və əhalinin təmin olunması məsələsini vurğuladı. Bununla bağlı çoxlu sayda tədbirlər var. Birinci növbədə intensiv formada istehsalın artırılması, yeni kənd təsərrüfatı sahələrinin dövriyyəyə buraxılması nəzərdə tutulur. İdxaldan asılılığın maksimum səviyyədə azaldılması üçün daxili istehsalın artırılması və yeni məhsulların istehsalına başlanılması vacibdir".
Ekspert, prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında çıxışı zamanı aqroparkların yaradılması məsələsinə toxunmasına da münasibət bildirib: "Aqropark kompleksinin yaradılması bir neçə istiqamətdə iqtisadiyyata müsbət təsir göstərəcək. Lakin bunun üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən loqistik sistem yaradılmalıdır. Cənab prezidentimiz aqropark haqqında da danışdı. Bu həqiqətən çox önəmli bir məsələdir. Çünkü aqropark dedikdə həm istehsal, həm emal, həm də loqistika başa düşülür. Birinci növbədə aqropark kompleksinin yaradılması loqistik məsələlərə arxalanır. İstehsala nəzər yetirdikdə ötən ildən bunun üçün çox böyük bir potensialın yaradıldığını görə bilərik. Həmçinin ölkəmizdə yarmarkaların, fermer təsərrüfatlarının yaradılması üçün burada çox güclü bir loqistika sistemi yaradılmalıdır. Növbəti əsas məsələ odur ki, Kənd Təsərrüfatı Nazirliyində böyük funksional idarəetmə sistemi formalaşdırılmalı və təkmilləşdirilməlidir. Həmçinin aqrar strategiyanın formalaşdırılması məsələsi də gündəmdədir. Bunlar bir-birindən asılı olan məsələlərdir. Hətta mən onu deyərdim ki, 2015-ci ildə anti-böhran aqrar strategiyası formalaşdırılması məsələsi öndədir".
Müslim İbrahimov kənd təsərrüfatı sahəsinə subsidiyaların verilməsinə də fikir bildirib: "Subsidiyaların artırılması kənd təsərrüfatı məhsullarının istehsalına müsbət təsir edəcək. Subsidiyaların verilməsi sistemi ümumiyyətlə təkmilləşdirilməlidir. Cənab prezident bu haqda danışarkən vurğulamışdır ki, bu çox vacib bir məsələdir. Fermer təsərrüfatlarına güzəştli kreditlərin verilməsi sistemi Kənd Təsərrüfatı Nazirliyi nəzdindədir. Bunun üçün dövlət xidməti də yaradılıb. Daxili istehsalı təmin etmək məqsədilə kənd təsərrüfatı məhsullarının artırılması, ixraca da öz təsirini göstərə bilər. Bu məsələ ətrafında ənənəvi faktorları saxlamaq lazımdır. Bunun üçün bizim əlimizdə hazır fürsətlər də mövcuddur. Daha öncədən mövcud olan Rusiya və Ukrayna kimi ölkələrlə əməkdaşlığımız davam etdirilməlidir. Fermer təsərüfatı ilə məşğul olan işadamlarını subsidiyalara yönəltmək lazımdır. Cənab prezident həmişə real məsələləri ortaya qoyur. Hesab edirəm ki, 2015-ci il kimi dünya üçün çətin bir dövrdə qarşıya qoyulan məsələlərin hamısı reallaşacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB