Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəffaflıq və operativlik, korrupsiya ilə mübarizə, ictimai agahlıq və aşkarlıq, sosial məmnunluq kimi prinsiplər ölkəmizin sosial-iqtisadi inkişafının prioritetləri elan edilib. Ölkə başçısı qeyd olunan prinsiplərin reallaşması məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarının, sosial xidmətlərdə innovativ və operativ üsulların tətbiqi, bu xidmətlərin əhaliyə rahat şəkildə çatdırılması, bürokratik meyllərin və hüquqi maneələrin tamamilə aradan getməsi, xidmətlərdə vaxt aparan prosedurların maksimum sadələşdirilməsi kimi tələbləri önə çəkib.
Ölkə başçısının tapşırıq və göstərişlərinin icrası məqsədilə, Əmlak Məsələləri Dövlət Komitəsi 2014-cü il ərzində ardıcıl və uğurlu fəaliyyət həyata keçirib. Şəffaflıq və ictimai agahlıq, effektiv və səmərəli əmlak idarəçiliyi, sosial məmnunluq və yüksək xidmət keyfiyyətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilib. Komitədən SİA-ya verilən xəbərə görə, qurum Azərbaycan Respublikası Prezidentinin vətəndaşlara şəffaf, çevik və səmərəli xidmətlərin göstərilməsi ilə bağlı tapşırıqlarına əsasən elektron xidmətlərin təşkili və istifadəyə verilməsi üzrə tədbirlər həyata keçirib.
Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanının təmin olunması məqsədilə Komitə 2012-ci ildən başlayaraq elektron xidmətlərin tətbiqinə başlayıb. 2013-cü ildə www.e-emdk.gov.az elektron xidmətlər portalı istifadəyə verilib. İlk mərhələdə məhdud olan elektron xidmətlərin sayı 2014-cü ildə artırılıb. Portalın istifadəyə verilməsi əhaliyə daha çevik, operativ və etibarlı xidmətlərin göstərilməsini təmin edir. Hazırda portalda 27-i interaktiv, 4-ü informativ olmaqla 31 e-xidmət vətəndaşların və əmlak sahiblərinin istifadəsindədir.
Təsdiq edilmiş elektron xidmətlərdən 20-si daşınmaz əmlakın qeydiyyatı ilə bağlıdır. Bütün e-xidmətlər "Elektron hökumət" portalına inteqrasiya edilib. Bəhs olunan elektron xidmətlər daşınmaz əmlaka dair çıxarışların verilməsi, daşınmaz əmlakın ipotekasının, lizinqinin qeydiyyatı və ləğvi, servitutun, uzufruktun qeydiyyatı və ləğvi, texniki pasportların alınması, xidmət haqqının öyrənilməsi və ödənilməsi ilə bağlıdır.
Komitənin həyata keçirdiyi bu yeniliklər vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi, xidmətlərdə şəffaflıq və keyfiyyətin artırılması, sosial məmnunluğunun yüksəldilməsi məqsədini daşıyır. Təqdim edilən elektron xidmətlər vətəndaşlarla komitənin qurumları arasında şəffaf və maneəsiz əlaqə yaradılması, vətəndaşların müxtəlif istiqamətlər üzrə vahid məkanda və çevik elektron xidmətlər əldə etmələrinə şərait yaradır. Bu xidmətlər keyfiyyətli və etibarlıdır, müraciətlərdəki məsələlərin həll edilməsi üçün optimal vasitədir. Eyni zamanda, komitənin elektron xidmətlər portalı xidmətlərlə bağlı vətəndaşların geniş məlumatlanmasını və maariflənməsini təmin edir.
Məlum olduğu kimi, Komitə tərəfindən Dünya Bankının dəstəyi ilə "Daşınmaz Əmlakın Qeydiyyatı" layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi daşınmaz əmlak bazarının inkişafına və dövlətə məxsus daşınmaz əmlakın idarə edilməsi və istifadəsi üçün münasib sistemlərin təmin edilməsinə şərait yaratmaq, daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyat sisteminin formalaşmasına yardım göstərməkdir.
2014-cü il mart ayının 3-dən etibarən "Daşınmaz əmlakların özgəninkiləşdirilməsi zamanı tələb olunan daşınmaz əmlaka dair məhdudiyyət (yüklülük) barədə arayışların (Forma 1-lərin) real vaxt rejimində (onlayn) notariuslara verilməsi ilə bağlı ilk onlayn xidmət istifadəyə verilib. Ötən müddətdə 100 minə yaxın daşınmaz əmlakla bağlı əməliyyatlar onlayn şəkildə məhz bu xidmət vasitəsilə həyata keçirilib.
Eyni zamanda, ötən il digər yeni onlayn xidmət də istifadəyə verilib. Bu daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların internet vasitəsilə verilməsi ilə bağlıdır. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklü, girovda və ya həbsdə olması və digər reyestr məlumatlarını onlayn əldə edirlər.
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun təmin olunması, vətəndaşlara göstərilən xidmətlərdə rahatlığın artırılması və sosial amillərin gücləndirilməsi işini diqqət mərkəzində saxlayır. Belə ki, məlumat verildiyi kimi, Əmlak Məsələləri Dövlət Komitəsi xüsusi təbəqədən olan insanlara daşınmaz əmlakın qeydiyyatı sahəsində ünvanlarda mobil ofislər vasitəsilə xidmətlərin göstərilməsinə start verib. 2014-ci il aprel ayından etibarən əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən yaşayış yeri uzaqda yerləşən, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşların öz əmlakları üzərində hüquqlarını qeydiyyatdan keçirmək üçün əmlak qeydiyyatı idarələrinə getmələrinə artıq ehtiyac qalmayıb. Bu məqsədlə, komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən yeni xüsusi nəqliyyat vasitələri alınıb. Bu xidmətlər bütün şəhər sakinlərinə, xüsusilə əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud, yaşayış yeri uzaqda yerləşən və ərazi idarələrinə gedə bilməyən insanlara son dərəcə əlverişlidir. Həmçinin yerindəcə göstərilən xidmətlər əlavə vaxt itkisinin qarşısının alınmasında xüsusilə faydalıdır.
Ünvanlarda göstərilən xidmətlərə daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu, həmin sənədlərin qanunauyğunluğunun yerindəcə yoxlanılması, növbəti prosedurlar barədə ətraflı məlumatın çatdırılması və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlərin verilməsi aiddir. Vətəndaşlar təyin olunmuş nəqliyyat vasitəsində zəruri sənədləri xüsusi nümayəndəyə təqdim edir.
Qeyd edək ki, ünvanlarda qeydiyyat xidmətlərinin göstərilməsini təmin edən xüsusi nəqliyyat vasitələri müasir informasiya-kommunikasiya sistemi və yeni avadanlıqlarla (həmçinin müasir telefon-rabitə cihazları, sürətli internetə çıxış vasitələri və s.) təchiz edilib. Daxil olan müraciətlər əsasında indiyədək Bakı və regionlarda mobil ofislər vasitəsilə 2100 məntəqədə 15000-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib.
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli Fərmanının icrası məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlərin kütləvi şəkildə çıxarışlarla əvəz olunması kampaniyasına start verib. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununu qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş mülkiyyət sənədləri, o cümlədən mülkiyyət hüquqlarını təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilir.
İlkin mərhələdə bu kampaniya Saatlı və Şəmkir rayonlarının bir neçə kəndində həyata keçirilib. Kampaniyanın üstünlüklərindən biri də dövlət reyestrindən çıxarışların vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa olaraq yerlərdə təqdim olunmasıdır. Belə ki, vətəndaşlar əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlər əsasında dövlət reyestrindən çıxarışları ərazi qeydiyyat idarələrinə getmədən bilavasitə yerlərdə əldə ediblər. Mobil ofislər vasitəsilə çıxarışların verilməsində məqsəd rahatlıq və çevikliyi təmin etmək, vaxta qənaət etmək və vətəndaş məmnunluğunu artırmaqdır. Eyni zamanda, xatırladaq ki, mülkiyyət sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ərazi qeydiyyat idarələrində də aparılır. Bu kampaniya indiyədək Saatlı və Şəmkir rayonundan əlavə, Qəbələ, Abşeron və Cəlilabad, Şəki rayonlarında da keçirilib. Ümumilikdə, 2000-ə yaxın vətəndaş kampaniyadan faydalanıb. Kampaniyadan faydalanmaq istəyən vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı qaynar xəttinə və ya Xidmətin müvafiq ərazi idarəsinə müraciət edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar üçün mühüm əhəmiyyət kəsb edən bu kampaniyanı respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq davam etdirir.
Komitə tərəfindən həyata keçirilən bu kampaniya daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini stimullaşdırmaqla daşınmaz əmlak bazarının inkişafına müsbət təsirini göstərəcək. Daşınmaz əmlakların iqtisadi proseslərə cəlb olunması, investisiya obyektinə çevrilməsinə təkan verəcəkdir. Kampaniyanın davamlı həyata keçirilməsi daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun artması və vətəndaşların sosial durumunun daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir. Bu kampaniya əhali arasında etibarlı və zəmanətli mülkiyyət barədə əminliyin
yaranmasına böyük dəstək verir. Bu da, ölkə vətəndaşlarının daşınmaz əmlakın qeydiyyatının əhəmiyyətini hiss etməsinə, sosial-iqtisadi faydalarını dərk etməsinə səbəb olmaqdadır.
Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşların belə hüquqlarının həyata keçirilməsi, sosial, iqtisadi aspektlərin və vətəndaş məmnunluğunun təmin olunması üçün tədbirləri gücləndirir. Bu məqsədlə, komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində vətəndaşlara rahat, operativ və şəffaf xidmət üçün yüksək səviyyədə şərait yaradılıb. Bakı şəhərinin bütün rayonları və respublikanın bütün bölgələri üzrə günün tələblərinə cavab verən müasir ərazi qeydiyyat idarələri vətəndaşlara xidmət göstərir. Belə idarələrdə fəaliyyət müasir əsaslarla qurulub və modern idarəetmə sistemi tətbiq edilir. Əsas məqsəd isə daşınmaz əmlakın qeydiyyatında vətəndaşlara keyfiyyətli, şəffaf, və rahat xidmətlərin göstərilməsi ilə sosial məmnunluğu artırmaqdır. Qeyd etmək lazımdır ki, 2014-cü ildə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdədə yerləşən 7 saylı ərazi idarəsinin və Beyləqanda yerləşən 6 saylı ərazi idarəsinin yeni inşa edilmiş inzibati binaları istifadəyə verilib. Yeni inzibati binalar vətəndaşlara daha rahat, şəffaf, çevik və müasir xidmətlərin göstərilməsi məqsədilə tikilib.
Bu məqsədə doğru Əmlak Məsələləri Dövlət Komitəsi nailiyyətlərini ildən-ilə artırır. Belə ki, daşınmaz əmlakın qeydiyyatı sahəsinin sürətli inkişafı sayəsində vətəndaşların daşınmaz əmlakın qeydiyyatına maraqları ilbəil yüksəlir. Qeydiyyat prosesinin sadələşdirilməsi, ərazi idarələrində xidmət şəraitinin yüksəldilməsi, o cümlədən komitə tərəfindən həyata keçirilən maarifləndirmə və agahlıq tədbirləri qeydiyyat prosesini stimullaşdırır. Sadə prosedurlar və keyfiyyətli xidmət vətəndaşların öz əmlaklarını qeydiyyatdan keçirməsi üçün ərazi idarələrinə cəlb edir. Bu isə nəticədə mülkiyyət sahəsində vətəndaşların sosial, iqtisadi mənafelərinin təmin olunmasına, sosial məmnunluğun artmasına səbəb olur.
Komitə tərəfindən görülən işlərin nəticəsidir ki, vətəndaşlar daşınmaz əmlakın qeydiyyatına diqqəti artıb, qeydiyyatın sosial-iqtisadi üstünlüklərindən faydalanmaqda getdikcə daha da maraqlıdırlar. Daşınmaz əmlakla bağlı iqtisadi və hüquqi əməliyyatların, o cümlədən alqı-satqı, bağışlama, vərəsəlik və digər əməliyyatların aparılması üçün öncə mülkiyyət hüquqlarının qeydiyyatı kütləvi xarakter almaqdadır. Daşınmaz əmlakın qeydiyyatı həmin əmlakın etibarlılığının, hüquqi əsaslılığının və iqtisadi səmərəsinin təminatıdır. Xidmətlər zamanı növbəliliyin tənzimlənməsi məqsədilə qəbul zallarında elektron növbəlilik aparatı quraşdırılıb. Nəticədə respublika üzrə daşınmaz əmlakların dövlət qeydiyyatı, həmçinin insanların mülkiyyət hüquqları yüksək səviyyədə təmin edilir.
"Daşınmaz Əmlakın Qeydiyyatı" layihəsi çərçivəsində görülmüş işlər nəticəsində mühüm nəticələr əldə edilmiş, bəzi işlər isə hazırda davam etdirilməkdədir. Layihənin uğurla icrası nəticəsində mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışların verilməsi 2005-2009-cu illərdə 30-20 gün, 2010-2012-ci illərdə isə 18-14 gün arasında dəyişirdisə, 2013-cü ildən etibarən bu müddət 7 günə, əmlak barədə digər arayışların verilməsi isə 1 günə endirilmişdir. Layihə çərçivəsində Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ kompüter şəbəkəsi yaradılmışdır. Daşınmaz Əmlakın Vahid Qeydiyyatı, Kadastr və İdarəedilməsi Sisteminin (DƏQKİS) və daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması istiqamətində işlər davam etdirilir.
Layihə çərçivəsində növbəti mühüm addım Əmlak Məsələləri Dövlət Komitəsi üçün İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin yaradılmasıdır. Bu Mərkəz üçün yeni binanın tikintisi həyata keçirilir. Bundan əlavə, ƏMDK İT Mərkəzinin Şamaxı şəhərində Ehtiyat Məlumat Mərkəzinin binasının tikintisinə də başlanmış və hazırda davam etdirilir. ƏMDK üçün İKT Strategiyası hazırlanıb qəbul edilmişdir. Hazırda Strategiyanın icrası davam etdirilir.
Hazırda daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması üzərində işlər gedir. Səmərəli, şəffaf və çevik fəaliyyət üçün uzun illər ərzində arxivlərdə toplanmış kağız daşıyıcılarında olan qeydiyyat məlumatları sürətlə elektron bazaya köçürülür.
2014-cü ildə Azərbaycan Hökumətinin və Dünya Bankının maliyyə vəsaiti hesabına həyata keçirilən "Daşınmaz Əmlakın Qeydiyyatı" layihəsi çərçivəsində "Sumqayıt şəhərində daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi" layihəsi həyata keçirilib.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ictimai agahlıq və məlumatlılığın təmin edilməsi məqsədilə 2014-cü ildə "Açıq qapı" günlərinin ölkə ərazisində keçirilməsi təmin edilmişdir. "Açıq qapı" gününün təşkilində başlıca məqsəd ictimaiyyəti müasir əsaslarla qurulmuş daşınmaz əmlakın qeydiyyatı prosesi, günün tələblərinə cavab verən xidmət şəraiti ilə yaxından tanış etmək, vətəndaşlara qeydiyyatla bağlı hüquqi prosedurları əyani çatdırmaq, yaradılmış rahat, çevik və modern xidmətləri nümayiş etdirmək, vətəndaşların və KİV nümayəndələrinin bu istiqamətdə suallarını cavablandırmaqdır. Qeyd edək ki, komitə tərəfindən bu tədbirlər "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq həyata keçirilib. Tədbirlərdə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı iş prinsipi, qeydiyyat prosedurları, hüquqi tələblər və zəruri sənədlər, habelə, sənədlərin qəbulu və hazırlanması qaydaları iştirakçılara əyani nümayiş etdirilib və izah edilib. Qəbul şöbələrində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı informasiya və hüquqi maarifləndirmə guşələri yaradılıb. Əsas hədəf isə daşınmaz əmlakın qeydiyyatında vətəndaşlara keyfiyyətli, şəffaf, və rahat xidmətlərin göstərilməsi ilə sosial məmnunluğu artırmaqdır. Eyni zamanda, komitənin dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron və onlayn xidmətləri barədə ətraflı məlumat verilib. Həmçinin daşınmaz əmlakın qeydiyyatının sosial-iqtisadi üstünlükləri və faydaları iştirakçıların diqqətinə çatdırılıb. "Açıq qapı" günü-vətəndaş forumunun təşkili sayəsində vətəndaşlar və maraqlı şəxslər daşınmaz əmlakın qeydiyyatı, elektron xidmətlər ilə bağlı məlumatları artıb və daha dolğun, ətraflı informasiyalar əldə ediblər. Xatırladaq ki, belə maarifləndirici tədbirlər Dünya Bankının dəstəyi ilə icra olunan "Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsi çərçivəsində həyata keçirilir. 2014-cü ilin yanvar ayında ilk dəfə olaraq Lənkəran şəhərində start verilən hüquqi maarifləndirmə tədbirləri il ərzində Mingəçevir, Şamaxı, Şirvan, Bərdə, Xaçmaz, Abşeron və Sumqayıt şəhərlərində təşkil edilib.
Qeyd etmək lazımdır ki, Komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı ictimai məlumatlandırma və hüquqi izahat işlərinin aparılması daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində şəffaflığın və effektivliyin artırılmasına böyük töhfədir. Daşınmaz əmlakın qeydiyyatı həmin əmlakın etibarlılığının, hüquqi əsaslılığının və iqtisadi səmərəsinin təminatıdır.
Əmlak Məsələləri Dövlət Komitəsinin 2014-ci il üzrə statistik göstəriciləri ötən ilin uğurlarının göstəricisidir. Belə ki, komitə tərəfindən 2014-cü ildə 200 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Daha bir uğur isə Azərbaycanın "Doing Business-2015" hesabatının reytinq cədvəlində 2014-ci ildə daşınmaz əmlakın qeydiyyatına görə 10-cu yeri tutmasıdır. Məlum olduğu kimi, bu hesabat Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il dərc olunur və 10 müxtəlif göstərici üzrə 189 ölkəni əhatə edir.
Hesabata əsasən, ölkəmiz ən uğurlu islahat aparan dövlətlərin sırasında ilk onluğa daxil edilib. Azərbaycan bu onluğa 3 iqtisadi sahədə həyata keçirdiyi islahatlara görə daxil olub ki, bunlardan biri də daşınmaz əmlakın qeydiyyatı sahəsidir. Ötən il daşınmaz əmlakın qeydiyyatına görə 13-cü yerdə qərarlaşan Azərbaycan bu sahədə aparılmış uğurlu islahatlar sayəsində bu il 3 pillə irəliləyərək 10-cu yerə yüksəlib. Hesabatda mülkiyyətin qeydiyyatı sahəsində ən mühüm nailiyyət kimi daşınmaz əmlak barədə yüklülük arayışlarının onlayn rejimdə verilməsi ilə qeydiyyat prosesinin daha da sadələşdirilməsi xüsusi vurğulanıb.
Qeyd edilməlidir ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində Azərbaycanın tutduğu yer dünya üzrə ən yaxşı göstəricilərdəndir. Hesabatda ümumi iqtisadi göstəricilərə görə reytinqdə 1-ci yeri tutan Sinqapur daşınmaz əmlakın qeydiyyatına görə 24-cü yerdə göstərilib. Müqayisə üçün bildirək ki, əmlakın qeydiyyatına görə, qonşu ölkələrdən Rusiya 12-ci, Türkiyə isə 54-cü yerdə qərarlaşıb. Hesabatda ABŞ 29-cu, Avstriya 35-ci, Böyük Britaniya 68-ci, Almaniya 89-cu, Yaponiya isə 73-cü yerdədir.
"Doing Business-2015" reytinqi Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində gedən sürətli inkişafın və əldə olunan uğurlu nəticələrin əyani sübutudur. Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə həyata keçirdiyi ardıcıl və uğurlu tədbirlər nəticəsində ölkəmiz reytinq cədvəlində dünya üzrə 10-cu yerə qalxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB