Vergi yeni üsulla ödənəcək

Vergi ödəyiciləri vergi bankomatları vasitəsilə müstəqil şəkildə vergi bəyannamələrinin, vergi hesabatlarının təqdim olunmasını, vergi bəyannamələrinə düzəlişlərin edilməsini, vergilərin, sanksiyaların nağd pulla yanaşı plastik kartlarla (VISA, Master­Card, Maestro) ödənilməsini, vergi qanunvericiliyi və digər məlumatların əldə olunmasını həyata keçirə biləcəklər. SİA-nın məlumatına görə, bununla bağlı xəbər Nazirliyin "Vergilər" qəzetində dərc olunub. Məlumata əsasən, ödəniş qəbzlə bərabər, mobil telefona daxil olan qısa mesajla da təsdiq olunacaq. Terminallar xidmət mərkəzlərində iş yükünü azaltmaqla yanaşı, qeyri-iş saatlarında da vergi ödəyicilərinə xidmət göstərəcək. Əldə olunmuş təcrübələrə əsasən, terminallar istifadəçilərin məmnunluq səviyyəsinin artırılmasına və könüllü əməletmə səviyyəsinin yüksəlməsinə əlverişli zəmin yaradacaq.

Qeyd edək ki, vergi bankomatları xüsusi vergi xidmət kartları ilə və ya kartsız istifadə olunur. Kartla istifadəsinə qərar olduqda, həmin kart ödəyicilərə vergi orqanında qeydiyyatdan keçirilərək pulsuz verilir. Kartlar elektron və ya xidmət mərkəzlərində sifariş oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə