Azər Mehdiyev: “Müraciət edənlərin sayı arta bilər” AÇIQLAMA

Azər Mehdiyev: “Müraciət edənlərin sayı arta bilər” AÇIQLAMA

"Hazırda gənclərimizin ipoteka hesabına ev almaq istəyi daha çoxdur". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Azər Mehdiyev deyib. O, ipoteka kreditlərinin verilməsində vətəndaşlara olan inamın əsas alındığını vurğulayaraq, kreditin verilməsində şərtlərin dəyişdirilməsinə ehtiyac olduğunu qeyd edib: "Burada bir tərəfdən ipoteka üçün ilkin ödənişin həyata keçirilməsi, digər tərəfdən gəlir səviyyəsinin göstərilməsi şərtləri bir çox hallarda insanları qane etmir. İpotekaya ehtiyacı olan şəxslər bu şərtləri təmin etmək iqtidarında deyil. Ancaq bu şərtləri təmin edə bilən insanların özləri də bir çox hallarda müraciət etdikləri zaman banklarda müəyyən problemlərlə üzləşirdilər. Söhbət bu insanların tanınması və onlara etibar edilməsi və digər məsələlərdən gedir. Hansıki bunların aradan qaldırılması məsələsi asan deyil. Mövcud bank sistemi şəraitində ipotekaya ayrılan vəsait, ehtiyacları tam qapada bilmir, yəni vətəndaşları qane etmir. Lakin istər- istəməz buna tələbat çoxdur, təklif isə azdır".

Ekspert internet vasitəsilə ipoteka kreditinə müraciətin üstünlüklər gətirəcəyini ifadə edib: "Belə bir vəziyyətdə internet vasitəsilə müraciətlər prosesə müəyyən şəffaflıq gətirilməsi baxımından vəziyyətə aydınlıq gətirə bilər. Ona görə ki, internet vasitəsilə müraciətlərin hamısı qeydiyyata alınır və bundan imtinanın əsasları tələb edilir. İnsanlar daha sonra şikayət etdikdə əgər insanlar əsassız olaraq imtina etmiş olarsa buna dərhal baxılır. Əvvəllər müraciətlər internet vasitəsilə olmadığına görə, bu kimi halları təstiq etmək o qədər də asan məsələ deyildi və bir çox problemlər yaranırdı. Bu baxımdan internet vasitəsilə müraciətin üstünlükləri ondan ibarətdir ki, bürokratik amillərin yaxud müəyyən subyektiv amillərin aradan qaldırılmasına şərait yaradılır. Bu baxımdan müraciət edənlərin sayı arta bilər. Ancaq bütün hallarda nəzərə almaq lazımdır ki, ipotekaya tələbat çoxdur. Ayrılan vəsaitlər tələbatı ödəmədiyindən istər- istəməz onun real bazar dəyəri qalxır. Tələbat çox olduğuna görə, ipotekanın qiyməti qalxır və bu da qara bazarın formalaşmasına və müəyyən rəsmi ödənişlərin olunmasına, tanış və qohum amillərinin rolunun artımına gətirib çıxara bilir".

Bütün xəbərlər Facebook səhifəmizdə