Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. Milli Məclisdən SİA-ya verilən məlumata görə, komitənin sədri Ziyad Səmədzadə bildirib ki, ölkəmizdə təkmil vergi qanunvericiliyi mövcuddur və nəzərdə tutulan vəsaitlərin dövlət büdcəsinə toplanmasına imkan verir, lakin vaxt ötdükcə digər qanunlar kimi Vergi Məcəlləsinə də dəyişikliklər edilməsi zərurəti yaranır.

Ziyad Səmədzadə iclasın gündəliyinə "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin daxil edildiyini diqqətə çatdıraraq qeyd edib ki, bu qanun layihəsi sosial yönümlüdür.

Təklif olunan dəyişikliklər barədə məlumat verən vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirib ki, dəyişikliklərə əsasən Vergi Məcəlləsinə yerli bankların və xarici bankların Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsini nəzərdə tutan maddə əlavə edilir.

Digər dəyişikliyə görə, ölkə ərazisində istehsal olunan qida spirtinə, pivə və spirtli içkilərin bütün növlərinə, tütün məmulatlarına, ölkəyə idxal edilən minik avtomobillərinə, istirahət və idman üçün nəzərdə tutulmuş yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulmuş digər üzən vasitələrə tətbiq edilən aksiz dərəcələri dəyişdirilib. Bununla yanaşı, ölkə ərazisinə idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz məmulatları aksizli mallar siyahısına aid edilib.

İclasda bildirilib ki, Vergilər Məcəlləsinin yol vergisinə aid bir sıra maddələrində də dəqiqləşdirmələr aparılacaq.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə